İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski bu il gedir – Onun varisi isə...

1314 05.01.2026 12:50 Dünya A A

ABŞ-ın nüfuzlu “The Washington Post” nəşrinin köşə yazarı Devid İqnatius Ukraynanın siyasi gələcəyi ilə bağlı diqqətçəkən proqnoz irəli sürüb. Onun fikrincə, 2026-cı ildə Ukraynanın növbəti prezidenti Valeriy Zaluijnı olacaq.

İqnatiusa görə, hazırkı prezident Volodimir Zelenski istefa verdikdən sonra Zaluijnı milli birlik hökumətinə rəhbərlik edəcək və ölkənin əsas siyasi fiquruna çevriləcək. Müəllif qeyd edir ki, bu dəyişiklik Ukrayna daxilində siyasi balansın yenidən formalaşması fonunda baş verə bilər.
Bununla yanaşı, İqnatius sülh perspektivlərinə dair pessimist ssenari təqdim edir. Onun qənaətinə görə, müharibə başa çatmayacaq və “qanlı dalan” mərhələsinə keçəcək. Jurnalist hesab edir ki, münaqişə daha da genişlənə bilər — xüsusilə NATO-nun Avropa İttifaqının hava məkanına daxil olan Rusiya pilotsuz uçuş aparatını vuracağı halda. İqnatiusun proqnozuna əsasən, belə bir insident mülki təyyarə üçün real təhlükə yaradarsa, müharibə Ukrayna hüdudlarından kənara çıxaraq genişlənə bilər.

Köşə yazarı həmçinin vurğulayır ki, Ukraynanın ərazi güzəştlərini və NATO-ya üzvlükdən imtinanı nəzərdə tutan hər hansı sülh razılaşmasının imzalanacağını real hesab etmir.
Bu proqnozlar nə dərəcədə doğrula bilər?

AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, 2026-ci ildə Ukrayna-Rusiya müharibəsinin dayanması barədə müəyyən nikbin proqnozlar səsləndirilir:

“Bu müharibəni tam qələbəyə aparmaq üçün tərəflərin resursları demək olar ki, tükənib. Əsas rola malik ABŞ məqsədlərinə çatıb. Ukraynadan istədiklərini alıb. Qərbi özündən daha artıq asılı vəziyyətə salıb, Rusiya isə artıq nəinki beynəlxalq güclərdən biri deyil, hətta regional mövqelərini də zəiflədib. Venesuelaya Birləşmiş Ştatların hücumu bir daha göstərdi ki, BMT, NATO kimi qlobal təsisatlar Ağ Evin əlində əlavə mexanizmlərdən başqa bir şey deyil. Rusiya PUA-ları NATO-nun hava məkanını dəfələrlə pozur, ancaq sərt tədbir görülmür. Belə anlaşılır ki, bu alyansın hava məkanı etibarlı mühafizə olunmur və üzv dövlətlər güvəndə deyil. Kollektiv Qərb hələ indi öz müdafiə qabiliyyətinin gücləndirilməsinə diqqət ayırır və Rusiya kimi silah nəhəngi ilə baş-başa qaldığının fərqində olduğunu indi anlamağa başlayır. Ona görə də məhz Ukrayna-Rusiya müharibəsinin daha geniş areala yayılacağını deyil, səngiyəcəyini düşünürəm. Birbaşa konfartasiya və silahlı qarşıdurma Rusiyanın da, Qərbin də planlarında yoxdur. ABŞ olmadan NATO bu yükü təkbaşına öz üzərinə götürəcəyini real sanmıram”.

img

Siyasi şərhçi deyib ki, Birləşmiş Ştatlar üçün Rusiya ilə münasibətlərin daha da gərginləşməsi deyil, dil tapmaq, onun zəngin resurslarına giriş imkanı qazanmaq, bazarlarına daxil olmaq əsas hədəfdir:

“Donald Trampın təqdim etdiyi sonradan 20 maddəyədək ixtisar edilən nizamlanma planında nə Ukraynaya, nə də Qərbə çevik və təsirli, işlək mexanizmli təhlükəsizlik təminatları verilmir. Vaşinqton üzərinə ağır bir yük götürmək istəmir. Tramp üçün hazırda prioritet məsələ Latın Amerikasında tam nəzarəti ələ almaq, Çinlə münasibətləri aydınlaşdırmaqdır. Ukrayna-Rusiya müharibəsində ABŞ-ın kənarlaşması müharibənin taleyinin dəyişməsi və uzun olmayan müddətdə başa çatması anlamı verir. Tələblərdən biri seçkilərin keçirilməsi və Zelenskinin hakimiyyətdən getməsidir. Hazırkı baş nazir və komandası yorulub, kifayət qədər işlər görə biliblər. Ancaq müharibədən sonra Ukrayna üçün hələ ağır dönəmin bitməsi demək olmayacaq. 4 ildən çox davam edən, hələ bitməsi də tam bəlli olmayan müharibənin fəsadlarını aradan qaldırmaq, dağıdılmış infrastrukturu, yaşayış məskənlərini bərpa etmək, yenidən qurmaq üçün 1 trilyon dollara yaxın vəsait lazımdır. Hələ canlı itkiləri bura daxil etsək yaranmış mənzərəni təsəvvür etmək çətin olmaz. Yeni hakimiyyətə gələcək siyasi komanda üzərinə ağır bir yük və məsuliyyət götürəcəklər. Zelenskinin rəqibləri arasında ən çox adı hallanan Valeri Zalujnıdır. O, professional hərbçidir. Öz istedadının və sərkərdəlik qabiliyyətini Silahlı Qüvvələrin Baş Komandanı kimi döyüş meydanında göstərib. Ukrayna cəmiyyətində bu dəmir generala böyük simpatiya var. Zalujni diplomatik cəbhədə də uğurlar qazana bilən fiqurdur. Böyük Britaniyada səfir kimi kollektiv Qərbin Ukraynaya dəstəyində onun da kifayət qədər rolu var. Həm Ukraynada, həm də Qərbdə Zalujniy qəbul olunan şəxsdir və prezidentliyə əsas namizəd kimi şansları yüksək qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, əgər müharibə bitsə Ukraynanın ciddi güzəştlərlə məruz qalacağı qaçılmaz olacaq”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR