Vladimir Zelenski Qərb ölkələrində yaşayan və qohumları Rusiyanın dövlət sektorunda işləyən Rusiya vətəndaşlarının həmin ölkələrdən qovulmasını tələb edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ukrayna prezidenti “Politico”ya verdiyi müsahibədə Qərb ölkələrini Rusiyaya qarşı kifayət qədər sərt siyasət yeritməməyə görə tənqid edib. Onun sözlərinə görə, avropalılar hələ də Rusiyanın nüvə enerjisi sektoruna və “Rosatom”a məhdudiyyətlər qoymayıblar.
Zelenski dövlət sektoru ilə əlaqəli, lakin xaricdə aktivləri və qohumları olan ruslara xüsusi diqqət yetirib.
“Avropalılar hələ də Rusiyanın nüvə enerjisinə, “Rosatom”a, fərdlərə, onların qohumlarına, övladlarına, Avropada, ABŞ-də yaşayanlara, Avropa universitetlərində oxuyanlara, ABŞ-də əmlak sahibi olanlara qarşı sanksiyalar tətbiq etməyiblər. Beləliklə, onların çoxlu əmlakı var, övladları var, hər yerdə qohumları var. Rusiyaya gedin! Evinizə dönün! Siz ABŞ-də heç kimə hörmət etmirsiniz, qaydalara, demokratiyaya, Ukraynaya, Avropaya və sairə hörmət etmirsiniz. Evinizə gedin!”, - deyə Zelenski bildirib.
Ehtimal ki, Ukrayna lideri Rusiyanın dövlət sektorunda işləyən, lakin Avropa Birliyində, ABŞ-də yaşayan və ya qohumları olan rusları nəzərdə tutub. Lakin Ukrayna prezidenti bunu birbaşa açıqlamayıb.
Musavat.com






