Ukrayna Prezidenti Vladimir Zelenski sülh danışıqları çərçivəsində artıq üç ayrı sənədin paralel şəkildə müzakirə edildiyini təsdiqləyib.
Musavat.com xəbər verir ki, dövlət başçısı jurnalistlərin WhatsApp vasitəsilə suallarını cavablandırarkən Kiyev–Roma–Vaşinqton xəttində gedən intensiv diplomatik prosesin detallarını açıqlayıb.
Birinci sənəd – 20 bəndlik çərçivə planı
Zelenski əsas sənədin 20 bəndlik çərçivə planı olduğunu bildirib. Onun sözlərinə görə, sənəd daim yenilənir və bu, “tamamilə normal proses” sayılır.
İkinci sənəd – təhlükəsizlik təminatları
Prezident vurğulayıb ki, ABŞ və Avropa ilə təhlükəsizlik təminatlarına dair ayrıca sənəd hazırlanır.
“Bu mövzuda hərbçilərimizin və onların amerikalılarla dialoqunun təkliflərini gözləyirəm. Bu, Ukrayna–ABŞ və Ukrayna–Avropa münasibətləri üçün çox vacib sənəddir”, — deyə Zelenski qeyd edib.
Üçüncü sənəd – ölkənin bərpası
Dövlət başçısının sözlərinə görə, paralel olaraq Ukraynanın bərpası ilə bağlı ayrıca sənəd də müzakirə edilir.
İtaliyanın rolu
Roma səfərini şərh edən Zelenski İtaliyanın mühüm rolunu xüsusi vurğulayıb:
“Jorciya Meloni ilə şəxsi kontaktım var. Onun da Prezident Tramp ilə şəxsi əlaqəsi mövcuddur. Bizim üçün bunu itirməmək çox önəmlidir. Meloni həmişə Ukraynanı həm paketlərlə, həm də geosiyasi səviyyədə dəstəkləyib”.
Yenilənmiş plan: “Sabah təqdim etməyə hazırıq”
Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna nümayəndə heyəti və Avropa təhlükəsizlik məsləhətçiləri sənədlər üzərində işini davam etdirir: “Bu gün və sabah işləyirik. Düşünürəm ki, sabah artıq yenilənmiş variantı ABŞ tərəfinə verəcəyik”.
“Ərazi güzəştləri yoxdur” – Rusiyanın təklifi
Prezident bir daha bəyan edib ki, Ukrayna ərazi güzəştlərinə getmək niyyətində deyil: “Torpaq vermək ideyasının müəllifi ABŞ yox, Rusiyadır. Biz istəyirik ki, bu məsələdə Amerika bizim tərəfimizdə olsun. ABŞ burada vasitəçidir”.
“Sapsan” ballistik raketləri tətbiq olunmağa başlayıb
Zelenski ilk dəfə olaraq “Sapsan” ballistik raketlərinin tətbiqinə başlandığını təsdiqləyib. O, həmçinin Ukraynanın istifadə etdiyi digər raketləri də sadalayıb: “Neptun”, “Uzun Neptun”, “Palyanitsa”, “Flaminqo”.
“Sapsan”la bağlı detalları açıqlamayan prezident bunun “düşmənin bilməməsi üçün” vacib olduğunu bildirib.
“Rusiya sülh istəmir – yalnız zərbələr görürük”
Zelenski Moskvanın sülh prosesinə maraq göstərmədiyini deyib: “Rusiyadan yalnız zərbələr görürük – energetikamıza, infrastrukturumuza… Bu, onların sülh istədiyini deməyə əsas vermir”.
O, ABŞ-la dialoqu isə “konstruktiv və davam edən proses” kimi qiymətləndirib.
Musavat.com






