Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermakın evində axtarış aparıldığı iddia olunur. Məlumatı Ali Radanın deputatı Yaroslav Jeleznyak yayıb.
Deputatın açıqlamasına görə, Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAPO) Prezident Volodimir Zelenskinin ən yaxın çevrəsinə daxil olan Yermakın mənzilində axtarışlara başlayıb. Bildirilir ki, əməliyyat korrupsiya şübhələri ilə bağlı aparılır.
Hazırda digər rəsmi mənbələr bu məlumatı nə təsdiqləyir, nə də təkzib edirlər. İddialar Ukrayna siyasi səhnəsində böyük rezonans doğurub və Yermakın adı ətrafında yeni qalmaqalın başlaya biləcəyi barədə ehtimalları artırıb.
Zelenskinin ən yaxın adamı niyə hədəfə götürüldü? Yermakın evində axtarış hansı siyasi mesajı verir?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

"Yermakın evində axtarış aparılması xəbəri hələlik təsdiqlənmədiyinə görə, bu barədə qəti fikir söyləmək çətin deyil. Amma fakt bundan ibarətdir ki, son bir neçə həftədə Ukraynada ardıcıl korrupsiya qalmaqalları yaşanır. Keçmişdə də belə hallar olmuşdu. Zelenskidən öncə də belə hadisələr müşahidə olunmuşdu. Faktiki olaraq Ukrayna müstəqilliyini qazandıqdan sonra hakimiyyətə yaxın qrupların korrupsiyaya qurşandığı haqqında xəbərlər olurdu, sonradan həbslər də həyata keçirilirdi. Zelenski prezident seçiləndən sonra bu məsələlər bir qədər səngimişdi. Çünki Zelenskinin özünün adı korrupsiya ilə bağlı hallanmırdı və müharibə də başlamışdı. Zelenski hakimiyyətdə ciddi nizam-intizam yaratmalı idi, amma son hadisələr və son hökumət daxilində baş verən yer dəyişmələr göstərir ki, bu əməllərlə məşğul olanlar hələ də qalır və bu, Zelenskinin ətrafında da özünü göstərir.
Zelenski də məcburdur, bundan sonra korrupsiya ilə daha güclü mübarizə aparsın. Çünki Zelenski hazırda Amerikanın təzyiqi ilə üz-üzə qalıb. ABŞ onu Rusiya ilə bağlı həll planını qəbul etdirməyə çalışır".
Politoloqun fikrincə, əgər korrupsiya qalmaqalları davam edəcəksə, Zelenskinin mövqeləri zəifləyəcək və Amerikanın təzyiqləri artacaq ki, Zelenski həmin həll planını qəbul etsin:
"O da var ki, əgər Yermakın adı bu cür məsələlərdə hallanırsa və xəbərlər təsdiqlənərsə, Zelenski korrupsiya ilə mübarizədə daha ciddi addımlar atmaq məcburiyyətində qalacaq".
Xalidə Gəray
Musavat.com






