Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektindəki obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Musavat.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
****
Dərnəgüldəki obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.
Musavat.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.
Eyni zamanda yanğınla əlaqəli nazirliyin qərargahı yaradılıb.
***
Təcili tibbi yardım briqadası Dərnəgüldəki yanğınla bağlı 1 nəfərə yerində ilkin tibbi yardım göstərib.
Bu barədə Musavat.com-un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
***
Nərimanov rayonu Ziya Bunyadov prospektində yerləşən boya satışı və başqa bir neçə mağazada yanğın baş verib.
APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində yanğın baş verən obyekt tikinti materialları mağazasıdır.
Musavat.com-un məlumatına görə, hazırda ərazidə yanğınsöndürmə işləri aparılır.
***
Dərnəgüldə obyektdəki yanğınla əlaqəli polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
Bundan başqa, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, yanğın səbəbindən metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.
***
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində (Dərnəgül), ilkin məlumata əsasən obyektdə yanğın başlayıb.
Bu barədə Report-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.






