İnsanlara hürriyət, millətlərə istiqlal!

“9-cu müharibə” ehtimalı və aralıq seçkilərinin sirri

798 31.01.2026 15:00 Siyasət A A

ABŞ prezidenti Donald Trampın İranın nüvə obyektləri və dövlət strukturlarına mümkün zərbələri nəzərdən keçirdiyi bildirilir. Regionda ABŞ-ın hərbi mövcudluğunun gücləndirilməsi və Vaşinqtonun sərt bəyanatları gərginliyi artırır. Ancaq bu ritorika mütləq hərbi toqquşma deməkdirmi?

Picture background

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ-ın İrana ciddi şəkildə hücum edəcəyinə inanmır:  “Bəzi xarici media qurumlarında dərc olunan müharibə anonslarına baxmayaraq, Donald Trampın belə bir addım atacağı inandırıcı deyil. Əvvəla, ona görə ki, bu il ABŞ-da keçiriləcək aralıq seçkiləri var və müharibənin uzanması durumunda neftin qiymətləri kəskin şəkildə arta, nəticədə ABŞ seçiciləri də bundan zərər çəkə bilərlər. Bu da Respublikaçılar Partiyasının seçkilərdəki uğur qazanma imkanlarına mənfi təsir göstərər. İkinci ona görə ki, İranla müharibə Çin üçün də həyati təhlükə deməkdir və Pekin bu prosesdən kənarda qalmaya bilər. Çünki İranla müharibə Çinin idxal etdiyi neftin 69-70%-nin təmin olunduğu Fars körfəzinin qapısı sayılan Hörmüz boğazının bağlanması anlamına gəlir. Bu ehtimal baş verərsə, təkcə İranla deyil, həm də körfəz ölkələri ilə Çin arasında neft ticarətini iflasa sürükləyər, nəticədə Çinin iqtisadi cəhətdən çöküşü başlayar.

Digər tərəfdən, İran Çin üçün ABŞ və qlobal imperializminə qarşı mübarizədə təbii müttəfiqdir. Hər iki dövlət ABŞ-a qarşı mübarizə aparır və İranın tamamilə çöküşü Çini yalnızlaşdırar, növbəti hədəf halına gətirər. Bu təhlükəli perspektivə yol verməmək üçün Çin İranla ABŞ arasında başlayacağı proqnozlaşdırılan müharibənin bitməsində maraqlı olmaz və İranı silahla təchiz edərək müharibənin sonsuzadək uzanmasına çalışar. ABŞ ikinci Əfqanıstan sindromu yaşamamaq üçün məntiqlə, bu müharibəni başlatmamalıdır. Düzdür, onu da istisna etmirəm ki, Tramp proqnozlaşdırıla bilən lider deyil, ən uğursuz əməliyyatı da “9-cu müharibəni dayandırdım” deyərək ən pis variantda belə, özünü reklam etmək qabiliyyətinə malikdir".

Picture background

Heydər Oğuz qeyd edib ki, ABŞ-ın əlində müharibəyə girmədən İran daxilindəki qüvvələri hərəkətə gətirmək imkanları da yox deyil: "Bunun ən bariz nümunəsi bir müddət əvvəl Trampın çağırışı ilə 100 minlərlə narazı kütlənin küçələrə tökülməsidir. Molla rejimi narazı kütləni güllə-barana tutaraq üsyanı qismən yatırdı. Nəticədə minlərlə insan öldürüldü, 100 minlərlə insan yaralandı. Prinsipcə, bu qətliamın böyüklüyü, qurbanların sayları da İran rejiminin öz xalqı qarşısında zərrə qədər nüfuzunun qalmadığını göstərir. Yeri gəlmişkən, İrandakı qətliamın böyüklüyü  şəxsən mənim beynimdə bəzi şübhəli versiyaların yaranmasına yol açdı. Bəlkə də İran rejiminin ən dərin qatlarına qədər kök atmış İsrail və ABŞ agentləri məlum qətliamı törədərək molla rejimini tamamilə xalqın gözündən salmaq xəttini tutdular. Səbəb nə olursa-olsun, on minlərlə narazı vətəndaşın ölümüylə nəticələnən bu qətliamdan sonra xalqla rejim arasında heç bir zaman ortadan qaldırılması mümkün olmayan düşmənçiliyin də əsası qoyuldu. Kiçik bir təkan və xarici himayə İran xalqının ayağa qalxıb rejimi dəyişdirmək gücündə olduğunu düşünürəm. ABŞ-ın bu alternativi bir kənara atıb müharibə yolunu seçməsi axmaqlıq olardı.

Bir çoxları “İslam rejimi”nin özlərinin əvəzolunmazlığı düşüncəsini yaratnaq üçün İranda heç bir alternativ lider buraxmadığını düşünürlər. Fikrimcə, bu mülahizə kökündən yanlışdır. İranda bu zamanadək xalq dəfələrlə ayağa qalxıb aylarla davam edən repressiyalardan sonra basdırılıbdı. Ən ciddi müqavimətlərdən biri isə 2009-cu ildə yaşanıb. İranın keçmiş parlament sipkeri olan Mehdi Kərrubi ilə sabiq baş naziri Mirhüseyn Musəvinin rəhbərlik etdiyi Yaşıl Hərəkatı illərlə davam edib. İş o yerə çatıb ki, molla rejimi İran xalqının iradəsindən çəkinib bu adamları həbs belə edə bilməyib. Yeşil Hərəkatın liderləri bu gün də həyatdadırlar və Qərb dövlətlərinin kiçik dəstəyi ilə xalqı ayağa qaldıra bilərlər.

Üstəlik, molla rejimi də ABŞ-ın ciddidən İranı vuracağını hiss edərsə, hakimiyyəti Mirhüseyn Musəviyə ötürə bilər. Düşünürəm ki, İran rəsmilərinin son zamanlar Türkiyə və digər bölgə dövlətlərinin vasitəçiliyi ilə danışıqlara can atması da bu ehtimalı gücləndirir. Molla rejimində zərrə qədər dövlət ağlı olsa, ona və ölkəsinə heç bir uğur qazandırmayacaq müharibəyə girməkdənsə hakimiyyəti daha mülayim qüvvələrə ötürmək xəttini tutar və yəqin ki, tutacaq da. Nəticədə həm İran yerlə yeksan olmaqdan xilas ola bilər, həm də ABŞ-ın istəkləri yerinə yetirilmiş olar. Beləliklə, İranda dəyişim prosesinin dinc yolla həyata keçiriləcəyinə ümid edirəm”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR