Sabiq baş nazirin birinci müavini Abbas Abbasov axtarışa verilib.
Musavat.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində "dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər" ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiyada yaşamağa başlayıb.
A.Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiyada Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb.
2012-ci ildə yaradılmış qalmaqallı, hamının "Milyarderlər İttifaqı" adı ilə tanıdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub (özünü bu təşkilatın rəsmi təsisçisi kimi qeydiyyatdan keçirməyi də unutmayıb).
Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış "Milli Şura"nın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında "Milyarderlər İttifaqı"nın Koordinasiya şurasının üzvü olub.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi şərhçi Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat






