“İran ətrafında baş verən proseslər fonunda ABŞ prezidenti Donald Tramp İrana qarşı təzyiq siyasətini genişləndirir. İrandakı etirazlar və etirazçılara qarşı silahlı güc tətbiqi Trampın İrana qarşı həmləsi üçün əlavə fürsətlər yaradıb. Lakin hələlik görünən odur ki, Tramp İranı iqtisadi sanksiyalarla daha çox sıxmaq mövqeyindədir”.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov Musavat.com-a şərhində bildirib.

O deyib ki, İranla iqtisadi-ticari əlaqələri olan ölkələrə ABŞ tərəfindən 25 faiz gömrük rüsumu tətbiq ediləcəyinin bəyan olunması da bu qəbildəndir.
“Vaşinqton İranda etirazların kökündə iqtisadi problemlərin dayandığını bilir. Ona görə də İranın daha çox ölkə ilə iqtisadi-ticarət əlaqələrinin kəsilməsinə çalışırlar. Belə hesab edirlər ki, müxtəlif sanksiyalarla İran iqtisadiyyatı daha da çökdürülsə, bütün xalq ayağa qalxa və rejimi devirə bilər”, - deyə Mərkəz rəsmisi fikrini əsaslandırıb.
İlyas Hüseynovun sözlərinə görə, ancaq unutmamalıdırlar ki, İrana qarşı sanksiyaların təsiri başqa ölkələrə də olur və ola bilər. Bu mənada İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların bizə də müəyyən mənada təsiri mümkündür:
“Çünki İran Azərbaycanın cənub qonşusudur və münasibətlərdə müəyyən gərginlik olsa da, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərləri münasibətlərdə inkişaf istiqamətində dinamizm effekti yaratdı. Azərbaycan İranla mehriban qonşuluq siyasətinin tərəfdarı olub.
Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında və digər iqtisadi fəaliyyətlərdə İranla əlaqələr mövcuddur. Ona görə də heç istəməzdik ki, İran ətrafında baş verən proseslər Azərbaycana iqtisadi cəhətdən mənfi təsir göstərsin. ABŞ bu reallıqları, Azərbaycanın İranla qonşu olduğunu nəzərə almalıdır”.
Etibar Seyidağa,
Musavat.com






