ABŞ Dövlət Departamenti Meksikanın Sinaloa narkotik kartelinin liderləri Rene "Frog" Arzate García və qardaşı Alfonso "Axilles" Arzate Garcíanın tutulmasına kömək edən məlumata görə 10 milyon dollar mükafat elan edib.
Musavat.com Dövlət Departamentinin açıqlamasına istinadən xəbər verir ki, onlar təxminən 15 ildir ki, cinayətkar təşkilatın bir bölməsinə rəhbərlik edərək fentanil də daxil olmaqla, narkotik maddələrin ABŞ-a qaçaqmalçılığına nəzarət ediblər. 2014-cü ildə ABŞ hakimiyyəti qardaşları qiyabi olaraq ittiham edib, 2023-cü ildə isə ABŞ Maliyyə Nazirliyi onlara narkotik qaçaqmalçılığına görə sanksiya tətbiq edib.
Rene Arzate García xarici terror təşkilatının fəaliyyətinə dəstək verməkdə, metamfetamin, kokain, fentanil və marixuana qaçaqmalçılığında və çirkli pulların yuyulmasında ittiham olunur.
2025-ci ilin fevralında ABŞ administrasiyası səkkiz narkotik kartelini xarici terror təşkilatları kimi tanıyıb: Tren de Aragua, MS-13, Clan del Golfo, Sinaloa, Jalisco Nueva Generacion, Unidos, Noreste və La Nueva Familia Michoacana.
Musavat.com






