ABŞ siyasətinin kulisində bu dəfə diplomatik bəyanatlar yox, gözlənilməz və yumor dolu bir hadisə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, söhbət Donald Trump-ın Milad ərəfəsində Oval kabinetdə etdiyi qeyri-adi jestdən gedir.
Məlumata görə, vitse-prezident J. D. Vance və ABŞ-ın dövlət katibi Marco Rubio beynəlxalq məsələləri müzakirə etmək üçün Trampın qəbulunda olublar. Lakin görüş siyasi mövzularla deyil, prezidentin qəfil diqqət yetirdiyi bir detal — məmurların ayaqqabıları ilə yadda qalıb.
Cey Di Vensin sözlərinə görə, Tramp söhbəti yarımçıq kəsərək onların ayaqqabılarına baxıb və “dəhşətli” adlandırıb. Ardınca isə Milad əhval-ruhiyyəsində olduğunu deyərək ayaqqabı kataloqunu gətizdirib və özünün sevdiyi Oksford modellərindən sifariş verib: dörd cüt Vens üçün, dörd cüt isə Rubio üçün.
Hadisənin ən ironik tərəfi isə Rubionun payına düşüb. Trampın onun boyu ilə tez-tez zarafat etməsi fonunda Rubio ayaqqabı ölçüsünü şişirdib. Nəticədə sifariş edilən ayaqqabılar dövlət katibinə dörd ölçü böyük çıxıb. İndi isə Rubio Trampın hədiyyəsini — ölçüsünə uyğun gəlməyən ayaqqabıları — geyinməyə məcbur qalıb.
Bu hadisə Ağ Evdə rəsmi protokollardan kənar, lakin ictimaiyyətdə maraq və gülüş doğuran epizodlardan biri kimi müzakirə olunur.
Musavat.com






