ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn hesab edir ki, İrana qarşı hərbi əməliyyatlar Vaşinqtonu uzunmüddətli və mürəkkəb münaqişəyə apara bilər.
Musavat.com xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, general Keyn ABŞ prezidenti Donald Tramp və digər yüksək vəzifəli administrasiya rəsmiləri ilə müzakirələr zamanı İrana qarşı hərbi güc tətbiqinin əhəmiyyətli risklər daşıdığını və bunun genişmiqyaslı qarşıdurmaya çevrilə biləcəyini vurğulayıb.
Bildirilir ki, Ağ Evin yaxın çevrəsində bəzi şəxslər mümkün addımlara ehtiyatla yanaşmağın tərəfdarıdır.
Eyni zamanda, "Axios"un mənbələri iddia edir ki, Tramp hərbi zərbə variantını da nəzərdən keçirir. Qeyd olunur ki, general Keyn əvvəllər ABŞ-nin Venesueladakı hərbi əməliyyatlarını dəstəkləsə də, İran məsələsində daha təmkinli mövqe sərgiləyir.
O, həmçinin hesab edir ki, İrana qarşı güc tətbiqi ABŞ hərbçiləri arasında itki ehtimalını artıra bilər.
Bununla yanaşı, son günlərdə ABŞ-nin vitse-prezidenti J. D. Vens də ölkənin uzunmüddətli müharibəyə cəlb olunma riski ilə bağlı narahatlığını ifadə edib.
İqbal RZAYEV,
Musavat.com






