İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Maduronu apardı: Neft 40 dollardan aşağı düşəcək?

5161 03.01.2026 15:20 İqtisadiyyat A A

ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat, Nikolas Maduronun tutulmasının dünya neft bazarına təsirləri hazırda ciddi müzakirə mövzusuna çevrilməkdədir.

Musavat.com-un xəbərinə görə, bu, təsadüfi deyil, çünki Venesuela neft ehtiyatlarına görə dünyada birinci yerdədir. 

Venesuelanın təsdiqlənmiş neft ehtiyatlarının təxminən 304 milyard barel olduğu məlumdur. Bu, qlobal təsdiqlənmiş ehtiyatların  təxminən 17,5 faizi deməkdir. Dünyada heç bir ölkənin bu qədər ehtiyatı yoxdur.

2014-cü ilədək Venesuelanın gündəlik neft ixracı 4 milyon barelə yaxın olub. ABŞ sanksiyaları başlandıqdan sonra bu həcm sürətlə azalaraq 2025-ci ilin avqustunda 930 min barelə düşüb. Sentyabrda ABŞ Venesuelanın mühasirəsinə başladıqdan sonr isə ixrac həcmi 500 min barelə qədər azalıb.

ABŞ böyük əməliyyatla Venesuelada ona qarşı olan Nikolas Maduronu tutub aparıb. Lakin hələlik Venesuelada hakimiyyətin tam dəyişdiyini söyləmək mümkün deyil. Ölkənin müdafiə naziri mübarizəyə çağırış edib, hakimiyyətin başına keçdiyi bildirilən vitse-prezident ABŞ-dan Maduronun sağ olduğuna dair sübut tələb edib.

Bütün bunlar hadisələrin necə cərəyan edəcəyini tam təxmin etməyə imkan vermir. Bu baxımdan, mövcud şərtlərdə iki mümkün ssenarini təxmin etmək olar: birincisi, ABŞ istədiyinə nail olur, Venesuelada hakimiyyətə Vaşinqtonun dəstəklədiyi qüvvələr gəlir.

Bu halda ölkənin neft ixracına qoyulan bütün qadağalar aradan qaldırılacaq, hasilata sürətlə böyük investisiyalar yatırılacaq. Belə addımlar qısa müddətdə - yaxın bir neçə ayda dünya bazarına 1 milyon barel, ortamüddətli dövrdə - 2-3 il ərzində isə 3-4 milyon barel neftin çıxması demək olacaq.

Bazarın hazırkı doymuş vəziyyətində əlavə 1 milyon barelin ticarətə çıxması qiymətlərin ciddi şəkildə düşməsinə səbəb olacaq. Ortamüddətli dövrdə - neftə tələbatın daha sürətlə azalmağa başlaması fonunda qiymətlərin 40 dollardan da aşağı düşməsi realdır.

Venesuelada hadisələrin inkişafının ikinci variantı Karakasda ABŞ-a qarşı müqavimətin formalaşdırılması, nəticədə neft ixracının tamamilə dayanmasıdır. Bu halda bazardan 500 min barelə yaxın neftin çəkilməsi baş verəcək ki, bu da qiymətlərə demək olar təsir etməyəcək.

Nəzərə almaq lazımdır ki, OPEC+ 2025-ci ildə hasilatı 3 milyon barelə yaxın artırıb, hazırda bazarda 2 milyon bareldən yuxarı neft artıqlığı var. Belə bir şəraitdə 500 min barelin bazardan tamamilə çıxması hansısa ciddi təsir imkanı vermir.

Venesuelada ABŞ-a yaxın qüvvələrin hakimiyyətə gəlişi dünya neft hasilatının ümumi həcmlərinin 17 faizdən çoxunun (13,3 milyon barel ABŞ+3-7 milyon barel Venesuela) Vaşinqtonun əlində cəmləşməsi deməkdir. Bu, ABŞ-a dünya neft bazarında qiymətləri diktə etməyə imkan yaradacaq, OPEC və OPEC+ kimi qurumların rolu minimuma düşəcək. Bu, eyni zamanda Rusiyanın ərəb ölkələri ilə birləşərək bazarda qiymətlərə təsir etmək imkanlarını əlindən alacaq, Yaxın Şərqin, xüsusilə də Səudiyyə Ərəbistanının qlobal iqtisadi əhəmiyyətini kəskin azaldacaq.

Analitiklərə görə, yaxın 5-7 ildə Venesuelada gündəlik neft hasilatını 6-8 milyon barelə qədər artırmaq mümkündür. Bu isə ABŞ-ın dünya bazarında tam hökmranlığı deməkdir. Çünki bu halda dünya neft hasilatının 20 faizi ABŞ-ın əlində olacaq ki, hətta OPEC-in belə bu qədər bazar payı yoxdur.

Proseslərin hansı variant üzrə inkişaf edəcəyi yaxın günlərdə məlum olacaq. Hələlik istirahət günü olduğuna görə neft bazarının hadisələrə reaksiyası bilinmir. Birinci günə qədər ABŞ-ın Venesuelada öz istəyinə çatmasını göstərən proseslər gedəcəksə, ilk hərraclarda neft qiymətlərinin sürətlə aşağı düşəcəyi gözlənilir. Yanvarın 2-də son hərraclarda "Brent" neftinin qiyməti 60,5 dollar təşkil edib.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR