ABŞ-nin energetika naziri Kris Rayt tezliklə Venesuelaya səfər edəcək. O, Nikolas Maduronun həbsindən bəri Latın Amerikası ölkəsinə səfər edən ABŞ administrasiyasının ən yüksək vəzifəli rəsmisi olacaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Raytın səfərinin məqsədi Venesuela neft sənayesinin gələcəyini müzakirə etməkdir.
Bu arada, ABŞ Venesuela ilə əlaqəli tankerlərin təqibini və narkotik qaçaqmalçılığında şübhəli saydıı gəmilərə hücumunu davam etdirir. Üstəlik, bu "ov"un əhatə dairəsi genişlənib. Amerikalılar təkcə Sakit və Atlantik okeanlarında deyil, artıq həm də Hind okeanında Venesuela nefti daşıyan gəmilərə hücum edirlər.
Rayt Venesuelaya səfərinin dəqiq tarixini açıqlamayıb. Müzakirə olunacaq məsələlər Venesuela dövlət neft şirkəti PDVSA-nın gələcək rəhbərliyi ilə bağlı olacaq. Nazirin həmçinin Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ilə görüşməsi planlaşdırılır.
Maduronun devrilməsindən sonra ABŞ prezidenti Donald Tramp ölkəsinin Venesuelanın demokratiyası ilə deyil, nefti ilə maraqlandığını açıq şəkildə bildirib. Dövlət katibi Marko Rubio daha sonra rəhbərinin sözünü düzəldərək bildirib ki, amerikalılar təbii sərvətlərdən daha çox demokratikləşmə ilə maraqlanırlar. Rayt müsahibələrində Ağ Evin Karakasla bağlı qərarlarının Venesuela enerji ehtiyatlarına çıxış əldə etmək istəyi ilə bağlı olduğunu qətiyyətlə inkar edib.
ABŞ üçün "Venesuela məsələsi" həll olunmuş və ya həll olunmağa yaxın görünür: ölkənin müvəqqəti administrasiyası Vaşinqtonla barışmağa hazırdır və əməkdaşlıqdan imtina etmir. ABŞ-nin Venesuelaya qarşı sanksiyaları hələ də ləğv edilməyib, lakin onların tezliklə ləğv olunma ehtimalı yüksəkdir. Yeddi ildən sonra ilk dəfə olaraq ABŞ səfiri Karakasa gəlib və PDVSA enerji istehsalına qoyulan məhdudiyyətləri qaldırıb.
Musavat.com






