“Ağcabədidə örüşü kəndlidən alıb İcra Hakimiyyətinə yaxın “komersant”a veriblər – QALMAQAL” başlıqlı yazıda səsləndirilən iddialarla bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun imzası ilə redaksiyamıza rəsmi mövqe təqdim olunub.
Musavat.com xəbər verir ki, rəsmi açıqlamada bildirilir ki, yayılan materialda faktlar birtərəfli təqdim edilib, qarşı tərəfin mövqeyi öyrənilməyib və bu da oxucuda yanlış təsəvvür yaradıb. İcra Hakimiyyəti iddiaları əsassız və manipulyativ adlandıraraq məsələnin hüquqi və faktoloji tərəflərinə aydınlıq gətirib.
Keçmiş məcburi köçkünə məskunlaşma üçün bütün şərait yaradılıb
Rəsmi məlumata görə, yazıda adı keçən Xocavənd rayonundan olan keçmiş məcburi köçkün Əbülfət Hüseynov 1992-ci ildən Ağcabədi rayonunun Avşar kəndində məskunlaşıb və bu müddət ərzində onun yaşayışı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. O, kənd ərazisində həyətyanı torpaq sahəsinə, fərdi yaşayış evinə və yardımçı tikililərə malikdir.
İcra Hakimiyyəti bildirir ki, Hüseynovun nə yaşayış hüququna, nə də mülkiyyətinə qarşı indiyədək hər hansı qanunsuz müdaxilə baş verməyib.
Qış otlaq sahəsi müvəqqəti icarəyə verilib və müddət 2019-cu ildə bitib
Açıqlamada vurğulanır ki, Əbülfət Hüseynova 2004-cü ildə dövlət mülkiyyətinə aid qış otlaq sahəsindən 21 hektar torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə icarəyə verilib. Həmin müqavilənin müddəti 31 may 2019-cu ildə başa çatıb.
Rəsmi mövqeyə əsasən, icarə müddəti bitdikdən sonra Hüseynov torpaq sahəsindən qanunsuz şəkildə istifadə etməyə davam edib, üstəlik, sahənin təyinatını dəyişərək əkin işləri aparıb və əsaslı tikinti həyata keçirib. Bu isə Torpaq Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir.
Qanunsuz əkin və tikinti işləri ilə bağlı dəfələrlə xəbərdarlıq edilib
İcra Hakimiyyəti bildirir ki, Hüseynova dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilib, lakin buna baxmayaraq, qanunsuz fəaliyyət dayandırılmayıb. Əksinə, məsələni hüquqi müstəvidə həll etmək əvəzinə, müxtəlif media resursları vasitəsilə təzyiq göstərməyə cəhd olunub.
Məhkəmə qərarı qüvvədə deyil – apellyasiya ləğv edib
Yazıda Hüseynovun guya məhkəmə qərarı ilə müdaxiləni qadağan etdirdiyi iddia olunsa da, rəsmi açıqlamada bunun reallığı əks etdirmədiyi bildirilir. Məlumata görə, ilkin məhkəmə prosesi İcra Hakimiyyətinin iştirakı olmadan keçirilib və bu səbəbdən qərardad qanunsuz hesab edilərək apellyasiya şikayəti verilib.
Nəticədə Şirvan Apellyasiya Məhkəməsi 24 noyabr 2025-ci il tarixdə ilkin qərardadı ləğv edib və Əbülfət Hüseynovun iddiasını əsassız sayıb.
Torpaq Milli Qəhrəmanın ailəsi adından qanuni icarəyə verilib
Açıqlamada xüsusi olaraq vurğulanır ki, sözügedən torpaq sahəsi 2025-ci ilin may ayında Avşar kənd sakini İqbal Abdullayevə 5 il müddətinə heyvandarlıq məqsədilə istifadəyə verilib. İcra Hakimiyyəti qeyd edir ki, İqbal Abdullayev 1993-cü ildə Xocavənd uğrunda döyüşlərdə həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin qardaşıdır və torpaq sahəsi qəhrəmanın ailəsi adından rəsmiləşdirilib.
Bu səbəbdən yazıda onun “kommersant” kimi təqdim edilməsi etik normalara zidd və təhqiramiz hesab olunur.
Qanunsuz əkin sahələri əvvəlki vəziyyətinə qaytarılıb
Rəsmi məlumata görə, torpaq artıq qanuni icarəçiyə məxsus olduğu üçün Hüseynov tərəfindən aparılmış qanunsuz əkin işləri və çəkilmiş suvarma arxlarının bir hissəsi ləğv edilib, sahə əvvəlki vəziyyətinə qaytarılıb.
İcra Hakimiyyəti yerində araşdırma təklif edir
Sonda Ağcabədi Rayon İcra Hakimiyyəti bildirir ki, obyektivliyin təmin olunması üçün məsələnin yerində araşdırılması vacibdir və bu məqsədlə Musavat.com əməkdaşının rayona ezam olunması təklif edilir.
Rəsmi qurum vurğulayır ki, mediada yayılan məlumatlar qərəzsiz, balanslı və bütün tərəflərin mövqeyini əks etdirən şəkildə təqdim olunmalıdır.
Musavat.com








