ABŞ-li jurnalist Taker Karlson Almaniyada demoqrafik proseslərin ölkənin milli təhlükəsizliyinə ciddi risk yaratdığını iddia edib.
Musavat.com xəbər verir ki, jurnalist Almaniya kansleri Fridrix Merzin mövqeyinə istinad edərək bildirib ki, mövcud əhali strukturu fonunda Almaniyada effektiv ordu qurmaq getdikcə mümkünsüzləşir.
Karlsonun sözlərinə görə, alman cəmiyyətində doğum səviyyəsi kəskin şəkildə aşağı düşüb, əvəzində müsəlman icmalarında artım davam edir. Bu tendensiya gələcəkdə Almaniya ordusunun əsasən müsəlman mənşəli şəxslərdən formalaşması ehtimalını artırır.
ABŞ-li jurnalist qeyd edib ki, Almaniya cəmiyyəti yüz minlərlə gənc müsəlman kişiyə silah verilməsi məsələsinə nə siyasi, nə də psixoloji baxımdan hazırdır. Onun fikrincə, məhz bu amil Almaniyanın hərbi planlarını dalana dirəyir və ölkənin milli ordu modeli sual altına düşür.
Karlson vurğulayıb ki, problem təkcə hərbi deyil, eyni zamanda dərin sosial və demoqrafik böhrandır. Bu böhran aradan qaldırılmadığı təqdirdə Almaniyanın gələcəkdə öz təhlükəsizliyini təmin etməkdə ciddi çətinliklərlə üzləşə biləcəyi istisna olunmur.
Musavat.com






