İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamenti Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇİB - Erməni lobbisi...

1361 19.12.2025 17:25 Gündəm A A

Xəbər verdiyimiz kimi, Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı yaradılan komissiyası bəyanat mətnini hazırlayaraq təqdim edib.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini qətiyyətlə rədd edir və onu siyasi məqsədlərə xidmət edən, qərəzli bir sənəd kimi qiymətləndirir.

Yalan məlumatlar və saxta iddialar əsasında hazırlanmış bu sənəd konkret cinayət əməllərinə siyasi don geyindirməyə cəhd edir, hüququn aliliyini pozur və Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.

Aydındır ki, Azərbaycan reallıqlarını bilməyən və ya bilərəkdən görməzdən gələn Avropa Parlamenti bir daha siyasi riyakarlıq nümayiş etdirərək insan hüquqları məsələlərini öz gizli gündəliyi və təxribatçı niyyətləri üçün vasitəyə çevirir”.

Bəyanatda bildirilir ki, Azərbaycanın ərazilərinin 30 ildən artıq müddətdə işğalda qalmasına, yüzlərlə şəhər və kəndlərimizin viran edilməsinə, tarixi və mədəni irsimizin dağıdılmasına və 1 milyondan artıq məcburi köçkünün pozulmuş hüquqlarına biganə qalan Avropa Parlamenti Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına da qərəzlə yanaşır.

Avropa Parlamentinin bu qətnaməsinin arxasında hansı geosiyasi maraqlar dayanır? Başqa ölkələrdə hüquq pozuntularına susan Avropa Parlament Azərbaycana qarşı niyə bu qədər fəaldır? Bu sənəd müəyyən erməni lobbisinin təsiri altında hazırlanıb?

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a danışıb.

CİNGİZ SON.jpg (299 KB)

Hüquqşünas qeyd edib ki, burada əsas məqsəd Avropa İttifaqının Cənubi Qafqazda itirdiyi nüfuzunu bərpa etməkdən ibarətdir:

“Onlar sanki bu cür qətnamələr vasitəsilə özlərini Ermənistana yaxınlaşdırmaq və Cənubi Qafqazda itirdikləri təsir imkanlarını yenidən bərpa etməyə çalışırlar. Çünki 8 avqust tarixli Vaşinqton memorandumundan sonra Avropanın bu məsələdə rolunu sıfıra endirdiyi artıq açıq şəkildə görünür.

İkincisi, bu sənəd, təbii ki, erməni lobbisinin təsiri altında hazırlanıb. Çünki ermənilər bütün dünyaya səpələnmiş bir millətdir və öz çirkin məqsədlərinə çatmaq üçün həmişə müxtəlif vasitələrdən istifadə edirlər. Onlar bu imkanlardan istifadə edərək məqsədlərinə çatmaq üçün bütün vasitələri qucaqlayıb işlətməyə çalışırlar.

Üçüncüsü, Avropa Parlamenti özü artıq siyasi nüfuzunu itirmiş və korrupsiyalaşmış bir təşkilata çevrilib. Hətta korrupsiya halları artıq Avropa Parlamentinin bir neçə yüksək rütbəli şəxsi, eyni zamanda onun keçmiş komissarları barəsində müzakirə predmeti olub. Belə bir vəziyyətdə bu təşkilatda hansısa çirkin siyasəti həyata keçirmək erməni lobbisinin əlində çox asan bir məsələdir və onlar bundan bəhrələnirlər. Lakin bütün bunlar bir başqa mövzudur. Burada əsas məsələ Avropa Parlamentinin qəbul etdiyi qətnamənin Azərbaycanın daxili işlərinə açıq şəkildə müdaxilə etməsidir. Onlar yenə də ermənilərin Azərbaycana geri qayıdışı, insan hüquqlarının pozulması və bu gün Azərbaycanda məhkəmə sistemində mühakimə olunan, qanına bulaşmış şəxslərin azad olunması ilə bağlı çağırışlar edərək, Azərbaycan məhkəmə-hüquq sisteminə müdaxilə etməyə çalışırlar. Nə beynəlxalq hüquq, nə də milli qanunvericilik bu cür məsələləri qəbul edir”.

Çingiz Qənizadənin sözlərinə əsasən, Avropa Parlamenti bilir ki, bu cür qətnamələrlə heç bir nəticəyə nail ola bilməyəcək:

“Lakin “ağaları” və lobbi təşkilatlarından aldıqları maliyyə dəstəyi müqabilində atdıqları addımı ön plana çıxararaq, qərarların qəbulunda öz maraqlarını təmin etməyə çalışırlar.

Avropa Parlamentinin qəbul etdiyi bu cür qərarlar imperativ xarakter daşımır. Yəni heç bir dövlət üçün məcburi deyil, tövsiyə xarakterlidir. Təbii ki, bizim də Avropanın tövsiyəsinə ehtiyacımız yoxdur.

Cənab Prezident Azərbaycanın milli və dövlət maraqlarını qoruyur, Azərbaycan xalqının hüquqlarını müdafiə edir. Bu isə Avropanın xoşuna gəlmir və onlar bu səbəbdən belə çirkin sənədlərin qəbul olunmasında maraqlıdırlar, onları Azərbaycana təzyiq vasitəsi kimi təqdim etmək istəyirlər.

Beləliklə, bu qətnamə birbaşa Azərbaycanın daxili işlərinə qarışmaqdır və hesab edirəm ki, Avropa Parlamentinin özünün nizamnaməsinə də uyğun gəlmir.

Daha bir məqamı qeyd etmək lazımdır: Avropa Parlamentinə baxanda belə bir təsəvvür yaranır ki, 700 parlamentari bir yerdə qərar qəbul edib. Lakin bu, belə deyil. Orada qərar qəbul edənlər yalnız parlamentdə iştirak edən şəxslərin səs çoxluğu ilə qərar qəbul edirlər. Yəni 700 parlamentaridən cəmi 50–60 nəfəri iştirak edib məsələni parlamentdə müzakirəyə çıxarıb qərar verə bilər. Bu baxımdan qəbul olunan qərar həmin 50-60 nəfərlik qrupun qərarıdır və bütün parlamenti əhatə etmir.

Bütün hallarda bu qətnaməyə layiqli və tutarlı cavab Azərbaycan Milli Məclisi tərəfindən qəbul edilmiş bəyanatla verildi və bu cavab öz əhatəliliyi, qətiyyətliliyi ilə məsələyə haqqaniyyətli yanaşmanı nümayiş etdirdi”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR