Şimali İrlandiyanın paytaxtı Belfastda iyunun 9-u axşam saatlarında yerli sakinə qarşı bıçaqlı hücumdan sonra genişmiqyaslı anti-miqrant etiraz aksiyaları başlayıb.
Musavat.com xəbər verir ki, aksiyalara səbəb hadisənin görüntülərinin sosial şəbəkələrdə sürətlə yayılması olub.
Polisin məlumatına görə, hadisədə şübhəli bilinən şəxs 30 yaşlı Sudan əsilli qaçqındır və ona qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb.
Ağır yaralanan zərərçəkən xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları baş verənləri terror aktı kimi qiymətləndirmədiklərini bildiriblər.
Etiraz aksiyalarına çıxış çağırışını britaniyalı sağçı fəal Tommi Robinson yayıb. Şimali İrlandiyanın paytaxtının küçələrinə yüzlərlə etirazçı axışıb. İğtişaşlar zamanı marşrut avtobusu, yaşayış evləri, bir neçə avtomobil və tullantı konteynerləri yandırılıb.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, saat 19:00-dan gecə yarısınadək 256 çağırış daxil olub və əməkdaşlar 62 hadisəyə müdaxilə ediblər.
Etirazçılar şəhərin əsas magistrallarından birini də bağlayıblar. Bu isə nəqliyyatın hərəkətində ciddi çətinliklərə və ictimai nəqliyyatın işində fasilələrə səbəb olub.
Rəsmilər təsdiqləyiblər ki, hücumda şübhəli bilinən şəxs 2023-cü ildən etibarən Böyük Britaniya ərazisində qanuni əsaslarla yaşayır.
Musavat.com






