“Kimin necə şərh və ya özünəməxsus açıqlama verməsindən asılı olmayaraq, reallığı qəbul etmək lazımdır”.
Bunu Milli Məclisin Gürcüstan parlamenti ilə dostluq qrupunun və parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a açıqlamasında söyləyib.

Millət vəkili Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Zəngəzur dəhlizi ilə bağlı narahatlığına reaksiyasında bir sıra mühüm məqamlara diqqət çəkib:
“Bu gün dünyada baş verən reallıqları da nəzərə almaq lazımdır və bunun regional məsələlərə necə təsir etdiyini qəbul etmək mütləqdir. İlk növbədə Ukraynadakı müharibə səbəbindən şimal marşrutlarının azaldılması, Xəzər regionunun artan rolu, Avropa Birliyi və Çinin logistikanın şaxələndirilməsində marağı da əsas səbəblərdəndir. İqtisadi təhlillər göstərir ki, Gürcüstan fiziki olaraq yük axınlarını itirmir - tələbat gücü üstələyir”.
Arzu Nağıyev əlavə edib ki, bütün bu amillərə görə əsas diqqət aşağıdakılara yönəldilib:
“İkitərəfli yük, regional normallaşma, siyasi risklərin azaldılması. Bu marşrut Gürcüstanın tranzit infrastrukturunu - limanlar, dəmir yolları, logistika qovşaqları - əvəz etmək iqtidarında deyil. Deməli, alternativ Bakı-İrəvan marşrutu rəqib deyil, regional və yerli tamamlayıcıdır. Sülh prosesini əngəlləmək üçün bəzi qüvvələrin diktəsi və ya istəyi ilə edilən açıqlamalar, eyni zamanda bəyanatlara baxmayaraq, Azərbaycanla Ermənistan arasında yeni marşrutların yaranması heç vaxt Gürcüstanı zəiflətmir, əksinə, tranzitlə bağlı siyasi riskləri azaldaraq regionu sabitləşdirirlər.
Orta Dəhliz genişləndikcə Gürcüstan əsas halqa olaraq qalır və istənilən alternativ marşrutlar yalnız Cənubi Qafqazın ümumi nəqliyyat sistemini gücləndirir”.
Qeyd edək ki, Mixail Saakaşvili həbsxanadan narahatlıq dolu mesaj göndərərək iddia edib ki, Azərbaycan Prezidentinin Ermənistandan keçən tranzit marşrutu ilə bağlı açıqlaması Gürcüstanın 1990-cı və 2000-ci illərdə əldə etdiyi hər şeyi sıfırlayacaq.
“Gürcüstan ağır geosiyasi çıxılmaz vəziyyətə düşüb və bu, yaxın gələcəkdə ya müstəqil dövlət kimi ləğv olunmağımızla, ya da mafiya başçısı İvanişvilinin caynağından qaçıb milli inkişaf yoluna yenidən başlamağımızla başa çatacaq”, - Saakaşvili iddia edib.
Gürcüstanın baş naziri İrakli Kobaxidze isə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan lideri Vaaqn Xaçaturyanın Davosda ikitərəfli münasibətlərin yaxşılaşması fonunda Bakı ilə İrəvan arasında birbaşa yük daşımalarının mümkünlüyü ilə bağlı bəyanatlarını şərh edərkən deyib ki, alternativ marşrut Gürcüstan üçün heç bir risk yaratmır.
Arzu Nağıyev rəsmi Tiflisin mövqeyinin konstruktivliyindən də bəhs edib:
“Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycan və Ermənistan arasında alternativ yükdaşıma dəhlizinin Gürcüstanın tranzit potensialına heç bir təhlükə yaratmaması barədə bəyanatı regiondakı reallığı əks etdirir və Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin müsbət nəticəsi kimi dəyərləndirirlir.
Son 5 ildə Orta Dəhliz üzrə nəqlin 7 dəfə artması Cənubi Qafqazda tranzit marşrutlarına tələbatın struktur artımından xəbər verir. Bu şəraitdə hər hansı yeni və ya alternativ marşrutlar Gürcüstan infrastrukturu ilə rəqabət aparmır, sadəcə olaraq onu tamamlayır. Bundan başqa, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması regional riskləri azaldır, sərmayələr üçün geniş imkanlar yaradır və logistika zəncirlərinin ümumi dayanıqlığını artırır ki, bu da uzunmüddətli perspektivdə əsas tranzit qovşağı kimi Gürcüstan üçün də çox faydalıdır”.
Deputat digər məqama da diqqət çəkib:
“Azərbaycan neft məhsullarının Gürcüstan vasitəsilə Ermənistana tədarükünün davam etməsi onun regional nəqliyyat arxitekturasında rolunu bir daha təsdiqləyir. Əlavə marşrutların inkişafı Gürcüstanın tranzit əhəmiyyətini zəiflətmək əvəzinə gücləndirir, Cənubi Qafqazı daha əlaqəli və proqnozlaşdırıla bilən logistika zonasına çevirir” .
E.Paşasoy,
Musavat.com






