İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və Moskva Ermənistanın taleyində üz-üzə?

916 09.04.2026 14:23 Siyasət A A

“Azərbaycan Ermənistanın təhlükəsizlik təminatçısıdır” fikri İrəvanda ciddi narazılıq doğurub.

Musavat.com yada salır ki, bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan Kiprin təhlükəsizliyinin təminatçısı Türkiyə, Ukraynanın isə Rusiya olduğunu bildirib. Bu fikri inkişaf etdirən parlamentin spikeri Alen Simonyan isə hakim partiyanın qurultayında çıxış edərək deyib ki, Ermənistanın təhlükəsizliyinin təminatçısı Azərbaycan olmalıdır.

Revanşist qüvvələrin arqumenti budur ki, Paşinyana qədər Ermənistanın təhlükəsizlik təminatçıları Ermənistan Silahlı Qüvvələri, həmçinin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) idi. Yəni xarici təhlükə zamanı Ermənistan ordusu ölkəni qoruyur, lazım gələrsə müttəfiqlərdən hərbi dəstək alırdı. Lakin Paşinyan KTMT-də üzvlüyü dondurmaqla və Rusiyanın hərbi mövcudluğunu təhlükə kimi təqdim etməklə bu konsepsiyanı dəyişir. Yeni yanaşmaya görə isə Ermənistan faktiki olaraq müharibədə məğlub olduğunu qəbul edir və qalib tərəfin – Azərbaycanın şərtləri ilə razılaşır. Bu modeldə Azərbaycan yalnız xarici təhlükəsizliyi deyil, eyni zamanda, Ermənistan daxilində mövcud hakimiyyətin sabitliyini də təmin edən əsas gücə çevrilir.
Bu isə o deməkdir ki, Ermənistan həm xarici, həm də daxili siyasətdə Bakının tələblərini nəzərə almağa məcbur qalır. Xarici siyasətdə bu, Rusiyadan uzaqlaşma, daxildə isə müəyyən konstitusion və siyasi dəyişikliklər deməkdir.
Rusiyaya yaxın erməni saytları isə iddia edir ki, bu ssenarinin reallaşmasına iki əsas amil mane olur: Ermənistan cəmiyyətinin müqaviməti və ölkədə Rusiyanın hərbi mövcudluğu. Azərbaycan üçüncü tərəfin qoşunları ölkədə olduğu halda hərbi müdaxilə edə bilməz, bu isə Rusiya ilə toqquşma riski yaradar.

Deputat Elşad Musayevin Musavat.com-a bildirdiyinə görə, Azərbaycanın Ermənistanın təhlükəsizliyinə təminatçı olması iki cür izah oluna bilər. Parlamentarinin fikrincə, birincisi, bölgədə dayanıqlı sülhün olması ilə Ermənistan əmin-amanlıq içində yaşaya bilər:

"İkincisi, Qarabağ iddiası irəli sürmək və Rusiyanın maraqlarına xidmət etməklə bu kövrək təhlükəsizlik pozula bilər. Moskvada baş tutan son görüşdə Qarabağ məsələsinə toxunulması və rəsmi Bakının buna haqlı etirazı da göstərir ki, Cənubi Qafqazda davamlı sabitlikdə maraqlı olmayan tərəflər var. Ermənistan bu təhlükəni başa düşür və Azərbaycanı qarantiya kimi görür. Əgər revanş ovqatı güclənərsə, Rusiyanın bu bəhanədən istifadə etməsi mümkündür. Nəticədə regionda yeni eskalasiya riskləri meydana gələ bilər. Rəsmi İrəvan və erməni cəmiyyəti işarənin haradan gəldiyini bilməlidir. Mənə elə gəlir ki, Simonyanın eyhamı da məhz Kremldən gözlənilən təhlükəyədir".

E.Musayev hesab edir ki, Azərbaycan və Ermənistan əməkdaşlığı nə qədər dərinləşdirsələr, bölgə bir o qədər də təhlükələrdən uzaq olar: "Nəzərə almaq lazımdır ki, xalqların əsrlərə söykənən düşmənçiliyi və 30 ildən artıq davam etmiş işğalçılıq faktı var. İndi tezliklə sülh və barışıq əldə etmək asan deyil. Bu yöndə səyləri artırmaq lazımdır. Cənab Prezident Gürcüstanda mətbuat konfransında dedi ki, dünyada müharibələr, qanlı toqquşmalar baş verir. Əlavə etdi ki, Cənubi Qafqazda yaranan bu sabitliyi dəyərləndirmək lazımdır, onu əldən vermək olmaz. Prezident bununla ciddi məsələyə toxunmuşdu. Tiflisdə deyilən bu sözləri xüsusən İrəvanda yaxşı oxumalıdırlar. Yəni Cənubi Qafqazda indi yaranan sülh şəraitini əldən versək, yenidən münaqişələr başlana bilər. Bu da Ermənistanın təhlükəsizliyinə təminatçı olan Azərbaycanın marağında deyil. Biz regionda əbədi sülh istəyirik və həm Azərbaycan, həm Türkiyə Ermənistan üçün təhlükəsizlik çətiri olmağa hazırdır. Sadəcə, Rusiyanın hərbi mövcudluğu olan bir ölkədə buna nail olmaq üçün Ermənistan addımlar atmalıdır".

Emil Salamoğlu
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR