2025-ci ilin yanvar ayında bələdiyyə seçkiləri keçirildi, nəticədə 682 bələdiyyə formalaşdı. Uzun illərdir ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılacağı anonsları verilsə də, ortada nəticə yoxdur. Qonşu Gürcüstanda və Ermənistanda şəhər bələdiyyələri çoxdan təşkil edilib. Paytaxtda vahid şəhər bələdiyyəsinin olmaması hüquqi boşluqdan deyil, mövcud idarəetmə modelindən qaynaqlanır. Ekspertlər bildirir ki, bu məsələ əsasən ölkədə tətbiq olunan mərkəzləşdirilmiş idarəçilik sistemi ilə bağlıdır.
Mütəxəssislərin sözlərinə görə, Azərbaycan idarəetmə strukturu paytaxtın birbaşa icra hakimiyyəti xətti ilə idarə olunmasını nəzərdə tutur. Bu yanaşma xüsusilə təhlükəsizlik, iri infrastruktur layihələri və beynəlxalq tədbirlərin koordinasiyası baxımından daha operativ nəzarət imkanı yaratdığı üçün üstün tutulur.
Hazırda Bakıda bələdiyyələr fəaliyyət göstərsə də, onlar vahid şəhər qurumu kimi deyil, rayon və qəsəbə səviyyəsində işləyir. Vahid şəhər bələdiyyəsinin yaradılması üçün qanunvericilikdə dəyişiklik tələb olunur. Belə təşəbbüs isə indiyədək nə Milli Məclis, nə də digər rəsmi qurumlar tərəfindən irəli sürülməyib.
Siyasi təhlilçilər qeyd edir ki, paytaxt merliyi modeli tətbiq olunan ölkələrdə bu vəzifə adətən güclü siyasi fiqur statusu daşıyır. Mövcud sistem isə paytaxt idarəçiliyinin mərkəzi hakimiyyət tərəfindən daha birbaşa nəzarətdə saxlanmasına imkan verir.
Azərbaycanda Türkiyədə olduğu kimi böyük şəhər bələdiyyələri idarəetmə modelinə nə üçün keçilmir? Xüsusilə Bakı böyük şəhər bələdiyyəsi yaradılmasına ehtiyac varmı?
AĞ Partiyanın sədri Tural Abbaslı Musavat.com-a bildirib ki, Azərbaycanda bələdiyyə idarəetmə sistemi faktiki olaraq alınmadı. Bələdiyyələr önəmsiz təsisat səviyyəsindən yuxarı qalxmadı:
“Son illər bələdiyyələrin birləşdirilməsi, əraziləri genişləndirilməsi də effekt müsbət vermədi. Belə bir vəziyyətdə, qanunvericilikdə dəyişiklik edilib bələdiyyələrin səlahiyyətləri artırılamayacaqsa sabah böyük şəhər bələdiyyələri yaradılsa da eyni vəziyyət yaşanacaq, heç nə dəyişməyəcək. Azərbaycanda bələdiyyələrə Türkiyədəki kimi səlahiyyətlər verilməlidir, ya da ki, ümumiyyətlə hazırkı formatda bələdiyyələri saxlamağa ehtiyac yoxdur. İndiki bələdiyyə sistemini ləğv eləmək daha uyğun olar. Çünki büdcəyə də əlavə yükdür”.
Partiya sədri qeyd edib ki, hazırkı qanunvericiliklə hətta Bakı şəhər bələdiyyəsi seçilsə belə, heç bir mənası olmayacaq:
“Azərbaycanda bələdiyyə institutu 1999-cu ildən fəaliyyət göstərsə də, Türkiyədəki kimi “böyük şəhər bələdiyyəsi” tətbiq olunmayıb. Bunun həm hüquqi, həm siyasi, həm də inzibati səbəbləri var. Türkiyədə 30-a yaxın vilayət böyük şəhər bələdiyyəsi statusuna malikdir. Məsələn, İstanbul, Ankara, İzmir böyük şəhər bələdiyyəsi. Bu modeldə şəhər üzrə vahid seçkili bələdiyyə sədri olur. Rayon (ilçe) bələdiyyələri onun tabeliyində koordinasiyalı işləyir. Nəqliyyat, su-kanalizasiya, şəhərsalma, tullantıların idarəsi, sosial layihələr kimi geniş səlahiyyətlər bələdiyyəyə verilir. Böyük büdcə və vergi toplamaq səlahiyyəti mövcuddur. Yəni real icraedici güc mərkəzi yerli özünüidarəetmə orqanıdır.
Azərbaycanda yerli idarəetmə daha çox mərkəzləşdirilmiş icra hakimiyyəti modelinə əsaslanır. Azərbaycan Konstitusiyasında icra hakimiyyəti institutu güclüdür. Azərbaycan vahid unitar dövlətdir və idarəetmədə mərkəzləşmə prioritet sayılır. Böyük şəhər bələdiyyəsi modeli isə müəyyən dərəcədə səlahiyyətlərin paylanmasını və siyasi rəqabəti artırır. Ola bilsin ki, bu səbəbdən böyük şəhər bələdiyyələrinə ehtiyac duymurlar”.
Etibar Seyidağa,
Musavat.com






