İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlin divarının əvəzinə Donbas divarı? – ABŞ Avropanı Rusiyanın ayağına verir

1259 15.12.2025 12:32 Analitika A A

Günümüzdə dünyada olduqca qlobal bir proses gedir, II dünya müharibəsindən sonra Avropada yaranmış, ancaq bütün dünyaya təsir göstərmiş böyük bir hərbi-siyasi alyansın çöküşünü müşahidə edirik.

Söhbət 1945-ci ilin ikinci yarısından sonra ABŞ, Böyük Britaniya və onların müttəfiqlərinin anti-Hitler koalisiyasının üzvü olan SSRİ-dən tez bir zamanda ayrılaraq ona qarşı yaratdıqları birlikdən və onun artıq parçalanmaq üzrə olmasından gedir.

Ötən isrin ikinci yarısında, Hitlerin və alman nasizminin məhv edilməsindən sonra müttəfiqlərin ümumi hədəfi qalmamışdı, kapitalist dünyası və Qərb liberalizmi rus bolşevizmi və totalitarizmi ilə yola gedə bilmirdi.

Həm də 26 milyon nəfərlik itki verməsinə baxmayaraq, SSRİ adlanan rus dövləti müharibədən güclənərək çıxmışdı, Almaniya və Avstriyanın bir yarısını, Avropanın 5 (Polşa, Çexoslavakiya, Macarıstan, Bolqarıstan, Rumıniya) işğal etmiş, daha iki ölkəni- Albaniya və 5 respublikadan ibarət Yuqoslaviyanı öz təsir zonasına salmışdı. Moskva yerdə qalan ölkələrdə də sosialist inqilabları, dövlət çevrilişləri təşkil edərək yerli kommunistləri hakimiyyətə gətirmək niyyətində idi. Hədəfə qoyulmuş ölkələrdən biri də Türkiyə idi.

Ona görə də Qərb ölkələri Rusiyanın ekspansiyasına qarşı dirənmək üçün hərbi güclərini birləşdirmək qərarına gəldilər.

“Rus təhlükəsi”ni açıq şəkildə dilə gətirən siyasətçilərdən biri İngiltərənin sabiq baş naziri Uinston Çörçill oldu. O, 1946-cı ilin mart ayının 5-də ABŞ-nin Missuri ştatının Fulton şəhərində etdiyi çıxışda SSRİ-nin və onun vassalına çevrilmiş sosialist ölkələrin Qərb ölkələrindən təcrid edilməsini məsləhət görmüşdü.

Çörçill həmin tarixi çıxışında demişdi: "Qitənin hər yerinə dəmir pərdə enib, Baltik dənizindəki Ştettindən Adriatik dənizindəki Triestə qədər uzanır. Bu xəttin kənarında Mərkəzi və Şərqi Avropanın qədim dövlətlərinin bütün paytaxtları yerləşir. Varşava, Berlin, Praqa, Vyana, Budapeşt, Belqrad, Buxarest və Sofiya - bütün bu məşhur şəhərlər və onların əhalisi, dediyim kimi, SSRİ-nin nüfuz dairəsindədir, bu və ya digər şəkildə təkcə sovet təsirinə deyil, həm də yüksək, bəzi hallarda isə getdikcə artan dərəcədə Moskvanın nəzarətinə tabedir".

berlin.jpg (79 KB)

Çörçillin təsbiti dəqiq idi. Doğrudan da Moskva istədiyi vaxt bu ölkələrə xüsusi xidmət orqanlarının emissarlarını göndərir, Kremlin direktivlərinə sözsüz itaət etməyən kommunist liderləri dəyişdirir, həbs edir, cəzalandırırdı. Sonradan Moskva itaətsizlik göstərən 3 ölkəyə (ADR, Macarıstan və Çexoslavakiya) əlavə hərbi kontingent yeridib qırğın da törətdi.

Qərblə sosialist düşərgəsi ölkələri arasında “soyuq müharibə” adlandırılan çəkişmə epoxası belə yarandı. Qərb dövlətləri hərbi güclərini birləşdirərək NATO-nu (1949) təsis etdilər, buna cavab olaraq Moskvada Varşava Müqaviləsi Təşkilatı (1955) formalaşdırdı. Birincinin lideri ABŞ, ikincinin hegemonu SSRİ oldu.

Bu, hərbi bloklar arasında silahlanma yarışına və ikiqütblü dünyanın formalaşmasına gətirib çıxardı.

SSRİ kommunizmi dünyada yaymağa, Şərqi Avropada “dost ölkələr” adlandırdığı işğal edilmiş ölkələrdən özü üçün təhlükəsizlik kəməri yaratmağa çalışırdı. ABŞ və Qərbi Avropanın böyük dövlətləri demokratiya və kapitalist dünya nizamı üçün səy göstərirdilər.

Bloklar arasında ideoloji fərqlər böyük idi, kapitalizm və kommunizm bir-biri ilə uyğun gəlmirdi və qarşıdurma üçün zəmin yaradırdı.

Silahlanma yarışı davam edir, nüvə silahlarının inkişafı qarşılıqlı inamsızlığı artırırdı.
Bu qarşıdurma 1989-cu ilə qədər davam etdi, əvvəlcə sosialist düşərgəsi dağıldı, Şərqi Avropa ölkələri kommunist hegemoniyasından qurtuldular, kommunist rejimlər süqut etdi, Almaniya bütövləşdi. Daha sonra SSRİ dağıldı, Rusiya öz hərbi blokundan məhrum oldu.

nattto.JPG (60 KB)

NATO isə nəinki zəifləmədi, hətta öz gücünü bir az da artırdı, Şərqə doğru genişlənməyə başladı, yeni-yeni üzvlər qəbul etdi. Bu yeni üzvlər keçmişdə Kremlin dolayısı ilə əsarətində olan Şərqi Avropa ölkələrindən və birbaşa Kremlin tabeçiliyində olan Baltikyanı ölkələrdən ibarət idi.

Ukrayna da NATO üzvü olmaq istəyəndə artıq bahalaşmış neft-qaz milyardlarının sayəsində yenidən dirçəlmiş Moskva buna sərt reaksiya verdi, Ukraynaya qarşı işğalçılıq müharibəsinə başladı. Beləcə, Qərb dövlətləri ilə Rusiyanın münasibətləri yenidən gərginləşdi, müharibə vəziyyətinə çatdı.

Ancaq maraqlıdır ki, Donald Tramp ABŞ-də hakimiyyətə gələndən sonra Qərb-Rusiya intriqasında qəribə dəyişikliklər əmələ gəlməkdədir.

Rusiya tam təklənmiş durumdaykən, Qərb dövlətləri daha mütəşəkkil, daha güclüdür, ancaq ABŞ “sol”a çəkərək, kollektiv Qərbin Rusiyaya qarşı barışmaz mövqeyini zəiflədir.

Əslində Rusiyanın qonşu dövlətlərə, xüsusilə də Avropa ölkələrinə qarşı yaratdığı təhlükə heç vaxt olmadığı qədər böyükdür. Ancaq ABŞ Avropaya qarşı “başlı başını saxlasın” siyasəti yeridir, “qoca qitə”ni yenidən aqressivləşmiş “rus ayısı”nın pəncələrinə buraxmaq niyyətində olduğunu göstərir. Vaşinqton faktiki olaraq NATO-nu parçalamaq, çökdürmək xətti tutub.

2014-cü ildən sonra Avropa ölkələri Rusiyanın arasına endirilmiş ikinci “dəmir pərdə” ABŞ-nin diplomat-“qaynaqçı”ları tərəfindən yerbəyerdən deşilir, kəsilir.

trpu.jpg (67 KB)

Belə anlaşılır ki, bu gedişlə bir zamanlar Berlini ikiyə bölmüş divar yeni konfiqurasiyada Donbasdan keçəcək, bu dəfə Ukraynanı ikiyə böləcək.

İndilikdə Avropanın əksər dövlətləri (bir-ikisi istisnadır) Rusiyanın aqressiv siyasətinə və ABŞ-nin “xəyanət”inə qarşıdırlar. Gerçəklik budur ki, onlar ABŞ-siz qalanda Rusiya qarşısında güclərinin yarısını itirmiş olurlar. Bununla belə, Böyük Britaniya, Almaniya, Fransa kimi dövlətlər və digərləri hələlik Moskvanın qarşısından çəkilmək niyyətində deyillər.

İndi Qərblə Rusiya arasında ideoloji fərqlər 40 il əvvəlki kimi deyil. Hazırda Rusiya da kapitalist ölkədir, sadəcə, demokratiyadan uzaqdır, bir də son 3 ildə totalitarizmə meyllənib. Belədirsə, ABŞ nədən Moskvaya qarşı loyallaşır?

Böyük ehtimalla bu, Tramp administrasiyasının prioritetləri ilə bağlıdır. Tramp üçün dünyada demokratiya-diktatura ayrımı yoxdur, ABŞ-yə biət edən və etməyən, ABŞ-nin faydalana bildiyi və bilmədiyi ölkələr var.

Bu administrasiyanın iş başından getməsindən sonra ya kollektiv Qərblə Rusiyanın arasındakı “dəmir pərdə” daha qalın olacaq, ya da despotizm Avropanı da çulğayacaq.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR