İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizim incik nazirlər

1408 21.12.2025 21:22 Yazarlar A A

Ölkədə rol bölgüsü yenidən aparılmalıdır, məncə. Çünki kim-kimdir, kim hansı işə baxır, bəlli deyil. Öz vəzifələrinin öhdəsindən gəlməməkləri bir yana, bəzi məmurlar bizi elə borclu çıxarırlar ki, az qalırıq, onların sahələrindəki neqativlərə, çatışmazlıqlara görə üzr istəyək. Öz yaratdığı “əsərindən” narazı qalanlardanmı danışım, təmsil etdiyi sahəni it gününə qoyub, sonra xalqa şikayətlənənlərdənmi? Ya da bu günə qədər ölkədəki bir çox eybəcərliklərin müəllifləri çıxırlar ortaya və deyirlər, ey xalqım, siz buna niyə dinmirsiz? Şifrəli danışmayacam, açıq şəkildə keçəcəm misallara.

Məsələn, o gün elm və təhsil nazirimiz Emin Əmrullayev vurğulayıb ki, daha çox müəllimlərdən danışılsa da, təhsilin bütün mahiyyəti uşaqdır: "Biz müəllimə niyə maaş veririk? Çünki şagird daha yaxşı öyrənməlidir. Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?” Vallah, nə deyim, cənab nazir. Ar olsun bizə, biz cəmiyyətə. Şagird məktəbdə dərs öyrənmir, biz müəllimə zorla maaş veririk, sonra zorla o uşağı repetitor yanına göndəririk... Yəni, bu məsələlərdə nazirimizin, şanlı nazirliyimizin heç bir suçu yoxdur.

Ya da TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov. O da o gün əsəbləşib və deyib ki, təcili yardım o demək deyil ki, zəng daxil olan kimi ambulans çıxmalıdır. Vətəndaş gözünə döndüyüm də Təcili Yardıma dəfələrlə zəng etməsinə baxmayaraq, cavab verilmədiyini və ya zəngdən 1-2 saat sonra maşının gəldiyini sübut edən görüntülər yollayıb. Mən anlamıram, bir xidmətin ki adı Təcili Yardımdır, onun 2 saatdan sonra çağırışa gəlməsi fəaliyyət fəlsəfəsinə zidd deyilmi? Zəng daxil olan kimi ambulans çıxmırsa, zəngdən nə qədər sonra çıxmalıdır? Və ümumiyyətlə, çıxmalıdırmı? İndi də təzə hoqqa çıxıb: zəng edən şəxsdən xəstənin durumu ilə bağlı ətraflı məlumat alınandan sonra təcili yardım maşını çağırışa cavab verəcək. Ay sizə qurban olum, zəng edən şəxs bəyəm həkimdir, əlamətləri, xəstənin durumunu sizə dəqiqliklə deyə bilsin? Adam sizə zəng edibsə, böyük ehtimalla, həm də panikadadır, təlaşdadır, sizin suallara da tam dəqiq cavab verməyə bilər. Lənət şeytana, istintaqdayıq, yoxsa yaxınımızın sağlamlığını, həyatını xilas etmək üçün cəhd göstəririk?

Keçək digər nazirə. Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu da son üç ildə müvafiq olaraq 6 faiz və 11 faiz azalma deməkdir. Daha bir incik nazir. Bax Məcnun müəllim də inciyib bizdən. Niyə ölkədə heyvanların baş sayında azalma var axı? Jurnalist Sevinc, ayaqqabı ustası Pənah, aşbaz Mahirə bu işə niyə əncam çəkmir ki? Hara baxır bu xalq? O gün iqtisadçı Natiq Cəfərli yaxşı dedi: bircə dəfə çobanlarla söhbət etsələr, problemin səbəbini tapacaqlar. Çünki “işin mətbəx”ində olanlar bunu daha yaxşı bilir. Amma bizimkilər şikayətlənməyi sevirlər: eee, niyə belə oldu, oynamıram... Cənablar, sadaladığım sahələrə rəhbərlik etmək, onu düşdüyü kriz durumdan çıxarmaq sizin səlahiyyətinizdə deyilmi? Dünyanın pulunu alırsız buna görə. Öhdəsindən gəlməyəndə bizi suçlu çıxarmaq nəyin məntiqidir axı? Lənət şeytana, həftə səkkiz, mən doqquz nə bizi danlayırsız? NƏ haqla?

O gün baxıram, efirdə daim qalmaqalları, onu-bunu söyməsi, sonra efiri tərk etməsi ilə ad çıxarmış bir manıs ağzı köpüklənə-köpüklənə deyir ki, bu televiziyalar nə gündədir? Telekanalları ağlar günə qoyanlar da indi ağsaqqallıq edirlər. Nə oldu, atam? Siz burda meymunluq edə-edə toy bazarına girdiz, səsiniz olmaya-olmaya milyonlar qazandız, indi TV-lərdən şikayət edirsiz? Hansı haqla, hansı vicdanla? Öz əsərinizdən niyə məmnun deyilsiz axı? Niyə bu ölkədə hər kəs öz üzərinə düşəni etmir, öz səhvini boynuna almır və üzrxahlıq etmir? Qoy mən şikayətlənim televiziyalardan, təqaüdçü Həcər xala şikayətlənsin, professor Nadir müəllim başına bulasın... Sən manıs, hansı haqla?

Cəmiyyəti elə hala qoyublar ki, o gün aparıcı Tolik bahalaşmadan dad döyür. Deputatın danışmalı olduğu məsələdən prodüsser Tolik, müğənni Nura Suri danışır. Onlar da bu ölkənin vətəndaşlarıdı, onlar da danışmalıdır, qəbul. Amma adamlar üsyan edir ki, niyə bu haqda televiziyalarda danışılmır axı? Kilosu 25 manata ət olar, 15 manata yağ olar? Bunlar hələ cəmiyyətin firavan, normal yaşayan kəsimidir axı. Artıq bu şəxslər də dilə gəliblərsə, görün vəziyyət nə yerdədir? Somalidən dondurulmuş ət gətirib yedizdirirlər bizə. İnsanlar restoranlara getdikıləri gün - toya məcburən gedir kasıb kəsim – iki-üç gün mədə ağrısından özünə gələ bilmir. Sovet dövrünün uşaqlarıyıq biz, üstü möhürlü, dondurulmuş ətləri çoxumuz mağazalarda görmüşük zamanında. İndi yenə eyni dönəmi yaşayırıq. Müstəqil Azərbaycanda rayonlarda mal-qara yetişdirilmir, əvəzində xaricdən dondurulmuş ət alırıq...

Sonra da deyirsiz, nazirlər niyə inciyir? Belə xalqdan hansı nazir inciməz ki? Ayıb olsun bizə...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR