Ötən il dünyada hər 10 dəqiqədən bir qadın ona yaxın biri tərəfindən qətlə yetirilib.
Musavat.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının hesabatında deyilir.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və “BMT-Qadınlar” qurumunun Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Ləğvi Gününə həsr edilmiş hesabatında bildirilir ki, 2024-cü ildə intim partnyorlar və ya ailə üzvləri tərəfindən 50 min qadın və qız öldürülüb.
Sənədə görə, dünyada qətlə yetirilən qadınların 60 faizi həyat yoldaşları, sevgililəri və ya ata, ana, qardaş, dayı kimi ailə üzvləri tərəfindən öldürülüb. Müqayisə üçün: öldürülən kişilərin cəmi 11 faizi yaxın biri tərəfindən qətlə yetirilib.
Hesabatda qeyd olunur ki, 117 ölkədən toplanan məlumat əsasında müəyyən edilmiş 50 min göstəricisi gündə 137 qadın, yəni təxminən hər 10 dəqiqədə bir qətl deməkdir.
BMT bildirir ki, rəqəmlərdə cüzi azalma görünməsinə baxmayaraq, bu real vəziyyətin yaxşılaşdığını göstərmir – azalma ölkələr üzrə məlumatların əlçatanlığındakı fərqlərlə bağlıdır.
Araşdırmaya əsasən, 2024-cü ildə ən çox qətl yenə Afrikada baş verib – təxminən 22 min hadisə.
Hesabatda həmçinin vurğulanır ki, texnologiyaların inkişafı qadınlara qarşı zorakılığın bəzi formalarını daha da ağırlaşdırıb və yeni risklər yaradıb – icazəsiz görüntü paylaşımı, doxsinq, video-feyklər kimi.
Musavat.com






