Boliviyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, təyyarə mərkəzi bank üçün nağd pul daşıyırmış.
“Unitel” televiziyasının verdiyi məlumata görə, Boliviya hərbi hava qüvvələrinə məxsus təyyarə La Paz yaxınlığındakı El Alto hava limanına eniş etməyə çalışarkən qəzaya uğrayıb.
Yerli aviasiya idarəsinin məlumatına görə, təyyarə uçuş-enmə zolağından çıxıb, sonra parçalanıb və alovlanıb. Dağıntılar həmin vaxt magistral yolda hərəkət edən avtomobillərə zərər vurub.
Xilasedicilər ən azı 15 nəfərin öldüyünü bildiriblər. Ölənlər arasında ekipaj üzvləri və magistral yolda avtomobillərdə olan insanlar da olub.
“Unitel” uçuşun mərkəzi bank adından həyata keçirildiyini aydınlaşdırıb: təyyarə La Paza yeni əskinaslar gətirirmiş. Qəzadan sonra əskinaslar əraziyə səpələnib və insanlar onları götürmək üçün hadisə yerinə toplaşıblar. Televiziya kanalının məlumatına görə, polis izdihamı dağıtmaq üçün göz yaşartdıcı qazdan istifadə edib.
Daha sonra Boliviya Mərkəzi Bankının sədri David Espinoza təyyarədə daşınan əskinasların etibarsız olduğunu və ödəniş üçün qəbul edilməyəcəyini açıqlayıb.
Musavat.com






