ABŞ Donald Trampın prezidentliyi dönəmində Avropanın etibarlı müttəfiqi kimi dəyərləndirilə bilməz.
Musavat.com xəbər verir ki, bu sözləri Avropa İttifaqının keçmiş ali diplomatı Jozep Borrell X-də paylaşdığı açıqlamada yazıb.
Borrell yazıb ki, Ukraynada müharibəni dayandırmağa dair Trampın irəli sürdüyü 28 maddəlik sülh planı ABŞ-ın Avropa ilə təhlükəsizlik məsələlərində məsləhətləşmədiyini açıq şəkildə göstərir və bu, Vaşinqtonun uzun illərdir mövcud olan transatlantik xəttindən uzaqlaşması kimi qiymətləndirilməlidir.
Diplomatın sözlərinə görə, Avropa bu reallığı qəbul etməli və adekvat cavab strategiyası formalaşdırmalıdır, çünki mövcud vəziyyət Avropa təhlükəsizliyi üçün yeni risklər yaradır. Onun fikrincə, Tramp administrasiyasının tələblərinə uyğun olaraq hərbi xərclərdən tutmuş tarif və enerji təchizatına qədər bir çox sahədə verilən güzəştlər heç bir nəticə verməyib.
Borrell bu fonu nəzərə alaraq Avropa İttifaqını ABŞ siyasətindəki dəyişiklikləri nəzərə almağa və öz təhlükəsizlik modelinə yeni yanaşma formalaşdırmağa çağırıb.
Musavat.com






