Böyük Britaniya Norveçdə yerləşən qoşunlarının sayını ikiqat artıracaq.
Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper Britaniya Parlamentinin İcmalar Palatasında çıxışında açıqlayıb: "50 ildən çoxdur ki, Kral Dəniz Piyadaları Norveç Arktikasında təlim keçir. Lakin biz öhdəliyimizi artırır və üç il ərzində oradakı dəniz piyadalarının sayını 1000-dən 2000-ə çatdırırıq".
Kuper əlavə edib ki, Britaniya tərəfi 2026-cı il ərzində Şimali Atlantikada və Şimalda bir sıra hərbi təlimlərdə iştirak etməyi planlaşdırır.
Norveç Arktikasında Kral Dəniz Piyadalarının bazası olan Viking Düşərgəsi 2023-cü ilin mart ayında açılıb və növbəti 10 il ərzində Arktikada Britaniya qüvvələri üçün əsas baza və təlim mərkəzinə çevrilib. O, Britaniya komando helikopter bölməsinin yerləşdiyi Bardufossdakı Norveç Hərbi Hava Qüvvələri bazasından 40 km məsafədə yerləşən Øverbygd kəndində yerləşir. Viking düşərgəsindən Norveç-Rusiya sərhədinə qədər olan məsafə 700 km-dən çoxdur.
On illərdir ki, Norveç Britaniya hərbi heyətinə son dərəcə soyuq qış temperaturlarında öz ərazisində təlim keçməyə icazə verib. 2018-ci ildə Böyük Britaniya hökuməti regionda ən azı 10 il daimi mövcudluğunu qorumaq məqsədilə Norveçin şimalında rotasiya əsasında təxminən 1000 Kral Dəniz Piyadası və xüsusi təyinatlı qüvvələr heyətini yerləşdirmək qərarına gəlib. London bu qərarı Rusiyanın Arktikada hərbi mövcudluğunun artması və yüksək enliklərdə Rusiya sualtı qayıqlarının artan fəaliyyəti ilə əlaqələndirib.
Musavat.com






