Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı hazırlanan yubiley–20-ci sanksiyalar paketi ilə bağlı ciddi çətinliklərlə üzləşib.
Musavat.com xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə keçirilən görüş öncəsi mətbuata verdiyi açıqlamada builki hədəflərə çatılmadığını etiraf edib.
"Reuters" agentliyinin məlumatına görə, Kallas sanksiyalar paketinin müzakirə edildiyini, lakin üzv ölkələr arasında hələ də fikir ayrılıqlarının qaldığını bildirib: "20-ci paketlə bağlı müzakirələr aparılacaq, lakin hamınızın bildiyi kimi, hesab edirəm ki, bu gün bu məsələdə heç bir irəliləyiş olmayacaq. Buna baxmayaraq, biz bu məsələni irəli aparmağa davam edəcəyik".
Analitiklərin fikrincə, 20-ci sanksiyalar paketi Rusiyanın enerji sektoruna və bank sisteminə qarşı daha sərt məhdudiyyətləri, o cümlədən "kölgə donanması"na qarşı yeni tədbirləri nəzərdə tutsa da, bəzi Aİ ölkələri öz iqtisadi maraqlarını əsas gətirərək qərarın qəbulunu ləngidir. Xüsusilə dəniz nəqliyyatı və lisenziyalaşdırma məsələlərində uzlaşmanın əldə olunmadığı bildirilir.
Kallas vurğulayıb ki, sanksiyalar Rusiya iqtisadiyyatına ciddi zərbə vurur, lakin onların effektivliyini artırmaq üçün birliyin vahid mövqedən çıxış etməsi vacibdir. Brüsseldəki diplomatik mənbələr sanksiyaların tam razılaşdırılmasının fevralın sonuna qədər çəkə biləcəyini ehtimal edirlər.
Musavat.com






