Azərbaycan cəmiyyətində milli kimliyin formalaşmasında din və etnik mənsubiyyətin rolu hər zaman aktual müzakirə mövzularından biri olub. Xüsusilə türkçülük ideologiyası ilə məzhəb faktorunun hansı dərəcədə kəsişdiyi və ya ayrıldığı məsələsi siyasi-ideoloji dairələrdə müxtəlif yanaşmalarla qarşılanır.
Musavat.com xəbər verir ki, bu sözləri TV Musavat-ın canlı efirində yayımlanan "Canlı Debat" verilişində eks-baş nazir Pənah Hüseyn deyib. O, jurnalist Taleh Şahsuvarlı ilə polemikaya girərək, şiəlik və türklük məsələsini kimlik baxımından eyniləşdirməyin kökündən yanlış olduğunu bildirib.
Pənah Hüseyn qeyd edib ki, bu iki anlayışı doğmalaşdırmaq mümkün olsa da, eyniləşdirmək tamamilə səhvdir: "Bir anlığa hesab edək ki, şəxs şiəlikdən çıxır. O, İslamdan çıxmır ki; sünni ola bilər, sələfi ola bilər və ya başqa bir məzhəbə keçə bilər. Amma türklükdən çıxanda milli kimliyi itir. Bu səviyyəli anlayışları eyni, bərabərmiqyaslı kimliklər kimi təlqin etmək olmaz. Azərbaycanın milli kimliyinə məzhəb məsələsinin bu şəkildə daxil edilməsi milli kimliyi məhv edər". Eks-baş nazir həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "şiəlik də, sünnilik də din deyil, biz İslamıq" fikrinə istinad edərək, məzhəb amilinin sivilizasiya və mədəniyyət baxımından dindən fərqli qoyulmasının tərəfdarı olduğunu vurğulayıb.
Jurnalist Taleh Şahsuvarlı isə öz növbəsində bu məsələləri eyniləşdirmədiyini, lakin mövcud reallıqdan imtina etməyin də mümkün olmadığını bildirib. O qeyd edib ki, Azərbaycan bayrağındakı türklük, islamçılıq və çağdaşlıq prinsipləri milli düşüncə sisteminin əsasıdır: "Azərbaycanın və etnik çoxluq olan türklərin, həmçinin etnik azlıqların böyük əksəriyyətinin məzhəbi şiədir. Bu baxımdan bizdə nə dini, nə də milli ayrı-seçkilik salmaq mümkündür. İrandakı Xomeyni rejiminin getməyi mənim şiəliyimdən bir şey aparmır. Biz deyirik ki, bu kimlikdən imtina eləmirik".
Tərəflər bu mövzunun kifayət qədər geniş və həssas olduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha əhatəli müzakirələrin aparılmasının vacibliyini qeyd ediblər.
Ətraflı verilişdən təqdim etdiyimiz hissədə:






