Cənubi Qafqazda uzun illərdir qapalı qalan bir xəttin açılmasına doğru sakit, amma strateji əhəmiyyətli addım atılır. Musavat.com xəbər verir ki, Ankara və İrəvan birbaşa quru ticarətinə başlamaq barədə razılığa gəliblər.
Bu razılaşma təkcə iqtisadi məsələ deyil, regionun siyasi və geoiqtisadi mənzərəsini dəyişə biləcək prosesin tərkib hissəsidir.
İllərdir Gürcüstan üzərindən “təkrar ixrac” adı altında həyata keçirilən daşımaların artıq birbaşa və ilkin ixrac statusu ilə aparılması normallaşma gündəminin praktik mərhələyə keçdiyini göstərir. Bu qərar Türkiyə–Ermənistan münasibətlərində söz yox, əməl mərhələsinin başlandığına işarədir. Bir tərəfdən türk şirkətləri üçün xərclərin azalması, digər tərəfdən Ermənistan bazarının Türkiyə məhsullarına daha açıq şəkildə inteqrasiyası yeni iqtisadi reallıq yaradır.
Məlumatın "Al Monitor" və T24 kimi mənbələrdə yer alması isə prosesin artıq diplomatik kuluarlardan çıxaraq real müstəviyə keçdiyini təsdiqləyir.
Bəs bu ticarət xəttinin açılması regionda hansı siyasi nəticələrə yol aça bilər? Proses Zəngəzur dəhlizi və Azərbaycan faktoruna necə təsir göstərəcək? Ankara–İrəvan yaxınlaşması həqiqətən davamlıdırmı, yoxsa bu, məhdud iqtisadi addımlarla kifayətlənəcək?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Ankara İkinci Qarabağ müharibəsindən sonra İrəvanla dialoqu bərpa edib: "Əsas mövzu iki ölkə arasında diplomatik münasibətlərin bərpası və sərhədin açılmasıdır. Rəsmi Bakı bu danışıqlara etiraz etmir. Bugünə qədər Türkiyə ilə Ermənistan arasında ticarət Gürcüstan üzərindən həyata keçirilib. Sərhəd açılsa ticarət birbaşa həyata keçiriləcək. Azərbaycan özü də Ermənistanla sülh quruculuğu çərçivəsində qonşu ölkəyə yanacaq satır. Demək, Türkiyənin də Ermənistanla birbaşa ticarətə başlamaq haqqı var. Buna baxmayaraq, Ankara Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləyir. Sülh sazişi imzalanandan sonra Azərbaycan və Türkiyə Ermənistanla hərtərəfli əməkdaşlığa başlayacaq".
Cavanşir Abbaslı
Musavat.com






