Milli Məclisin iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişikliklər edilməsini nəzərdə tutan sənədin müzakirəsi olub.
Musavat.com bildirir ki, layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.
Bildirib ki, Prezident tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunan qanun layihəsi 2015-ci ildə qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişikliklər edilməsini nəzərdə tutur:
“Bu dəyişiklik qanunun tətbiq edilmə müddətinin daha 1 il uzadılması ilə bağlıdır.
Məlumat üçün bildirmək istərdim ki, qanunun qəbul edildiyi 2015-ci ildən etibarən hər növbəti il bu qanunun tətbiqedilmə müddəti artırılır.
Sonuncu dəyişikliyə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən bu müddət başa çatır və təqdim edilmiş qanun layihəsi ilə həmin müddət 2027-ci il yanvarın 1-nə kimi uzadılır.
Xüsusi olaraq, qeyd etmək istərdim ki, təqdim edilən qanun layihəsi sahibkarlıq fəaliyyəti üçün müdaxilələrin, süni maneələrin aradan qaldırılması baxımından olduqca islahatçı və liberal bir təşəbbüsdür”.
Azər Əmiraslanovun sözlərinə görə, bu təşəbbüsün fəlsəfəsi həm də ondan ibarətdir ki, sahibkarlıq fəaliyyətinə yoxlama və ya təftiş, araşdırma və ya təhqiqat predmeti, obyekti kimi baxılmamalıdır:
“Əksinə, özəl iqtisadi fəaliyyət hər bir dövlət qurumunun və məmurun təşviq etməli və dəstək verməli olduğu mühüm sahə kimi qəbul edilməli, diqqət mərkəzində saxlanılmalıdır. Prezident İlham Əliyevin təbirincə desək, Azərbaycanda sahibkarlığın inkişafı dövlət siyasəti olduğuna görə sahibkarlara mane olmaq, onların fəaliyyətinə müdaxilə etmək dövlət siyasətinə zidd əməl kimi dəyərləndiriləcək.
Hesab edirik ki, bu yanaşma dövlətin sahibkara və sahibkarlığa münasibətdə olduqca aydın və konkret mövqeyini nümayiş etdirir”.
Komitə sədri qeyd edib ki, sahibkarlıq subyektlərinin məqsədi gəlir əldə etməkdən ibarət olsa da, onlar ölkədə iş yerləri yaradır, cəmiyyətdə orta təbəqənin təşəkkülü prosesinə və iqtisadi artıma töhfə verir, vergi və rüsumlar ödəyərək dövlət büdcəsi gəlirlərinin formalaşmasında iştirak edir:
“Digər bir tərəfdən də milli iqtisadiyyatımızın tədricən postneft dövrünə keçid etdiyi, dayanıqlı iqtisadi artımın iqtisadi siyasətin əsas hədəfi kimi çıxış etdiyi indiki mərhələdə biznes mühitinin yaxşılaşdırılmasına yönəldilmiş bu cür institusional təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda qeyd edilməlidir ki, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər və bu yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edilənləri nəzərə alaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin bir oxunuşda qəbul olunmasını məqsədəuyğun hesab edirik”.
E.Paşasoy,
Musavat.com






