İranda hökumətə qarşı etirazlar bir sıra şəhər və əyalətlərdə davam edir. Məlumata görə, ötən gecə İranın Həmədan şəhərində etirazçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər.
Bildirilir ki, əlavə təhlükəsizlik qüvvələrinin bölgələrə cəlb edilməsindən sonra İranın əksər şəhərlərində etiraz aksiyaları dayandırılıb. İnsanların böyük hissəsi evlərinə qayıdıb, təhlükəsizlik qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu ölkə üzrə bütün şəhərlərdə nəzarəti gücləndirib. Hadisələr zamanı çoxlu sayda yaralı və saxlanılanların olduğu qeyd olunur.
İran prezidenti Məsud Pezeşkian ölkədəki narazılığı etiraf edib və mövcud problemlərə görə məsuliyyətin hökumətin üzərində olduğunu bildirib. O, rəsmiləri baş verənlərdə hər şeyi ABŞ və digər xarici qüvvələrin üzərinə yıxmamağa çağırıb. Prezident iqtisadi çətinliklər və milli valyutanın dəyərdən düşməsi fonunda baş verən etirazlara münasibət bildirərək, yaranmış vəziyyətə görə məsuliyyətin hakimiyyətin üzərində olduğunu vurğulayıb.
İranda etirazların yenidən alovlanmasını hansı əsas daxili səbəblər şərtləndirdi? Həmədan hadisələri etirazların lokal xarakter daşıdığını göstərir, yoxsa ölkə miqyasında daha böyük prosesin başlanğıcıdır? Prezident Məsud Pezeşkianın etirazlara görə məsuliyyəti hökumətin üzərinə götürməsi real siyasi iradənin göstəricisidir, yoxsa ictimai narazılığı yumşaltmağa yönəlmiş ritorik gedişdir?

Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İranda baş verən bu hadisələr əslində gözlənilən idi:
"Çünki ölkədə iqtisadi vəziyyət getdikcə daha da ağırlaşır. Üstəlik, İran prezidenti Məsud Pezeşkian bu iğtişaşlardan əvvəl də mövcud problemlərin varlığı barədə açıq danışırdı. O etiraf edirdi ki, problemlər ciddidir və onların həllində hökumət aciz qalır. Məhz bu fon üzərində inflyasiyanın artması bir qığılcım rolunu oynadı və sosial narazılıqları daha da alovlandırdı.
Ümumiyyətlə, İranın bombalanmasından sonra cəmiyyətdə belə bir yanlış təsəvvür yaranmışdı ki, guya İran cəmiyyəti tam şəkildə birləşib, vahid bir yumruq kimidir. Halbuki o zaman da proqnoz vermək olardı ki, bu birlik müvəqqəti xarakter daşıyır. Çünki sanksiyalar İranı ciddi şəkildə taqətdən salır.
Üstəlik, ölkənin idarəetmə sistemindən narazı olan insanların sayı kifayət qədər çoxdur. Demək olar ki, hər 5–10 ildən bir İranda faktiki olaraq iğtişaşlar baş verir. Bu iğtişaşların ideyası və ciddiliyi isə hər dəfə diqqət çəkir və cəmiyyətin dərin problemlərini üzə çıxarır".
Politoloq qeyd edib ki, bu proseslərin hansı nöqtəyədək inkişaf edəcəyi hələlik sual altındadır:
"Hazırda Pezeşkian etirazlara qarşı güc tətbiqinin əleyhinə çıxış edir. Ancaq etirazların dalğası daha da artarsa, ehtimal ki, mühafizəkar qüvvələr prosesə birbaşa müdaxilə edəcəklər. Onlar prezidentin mövqeyini nəzərə almadan iğtişaşçılara və etirazçılara qarşı silahdan istifadə edə bilərlər ki, bu da İranda ölənlərin sayının artmasına gətirib çıxara bilər.
Eyni zamanda, İranda baş verən bu hadisələrdən istifadə etmək istəyən qüvvələr də olacaq. Məsələn, İran şahının oğlu Misirə gələrək müəyyən mənada İrana yaxınlaşmağa çalışır və İran xalqına müraciət edərək mövcud rejimi devirməyə çağırış edir. Doğrudur, İranda müəyyən qruplar tərəfindən şah rejimi ilə bağlı şüarlar səsləndirilir. Amma bu, heç də o demək deyil ki, etirazlara başlayanlar şah rejiminin bərpasını istəyirlər. Çünki şah rejimi də indiki rejimlə müqayisədə ədalətli deyildi. Bununla belə, İran cəmiyyətinin böyük bir qismi dəyişiklik istəyir. Hətta indiki iğtişaşlar yatırılmış olsa belə, istisna deyil ki, müəyyən müddətdən sonra yenidən etirazlar baş qaldırsın".
Elxan Şahinoğlunun fikrincə, bu etirazlardan İsrail və ABŞ da öz məqsədləri üçün istifadə etməyə çalışacaq:
"Təsadüfi deyil ki, iğtişaşlar baş verən ərəfədə İsrailin baş naziri Benyamin Netanyahu məhz İranı müzakirə etmək üçün ABŞ-da səfərdə idi və İranın ballistik raket istehsalından narahatlığını açıq şəkildə ifadə edirdi. Ola bilsin ki, İsrail və ABŞ birbaşa İrana zərbələr endirməsələr də, bu iğtişaşlardan istifadə edərək İranın mühafizəkar rejimini zəiflətməyə çalışacaqlar".
Xalidə Gəray
Musavat.com






