Son günlərdə İranı etiraz aksiyaları bürüyüb. Cənub qonşumuz hələ ki, etirazların qarşısını almaqda çarəsiz görünür. Öncə paytaxt Tehranda aksiyalar başlayıb. Dekabrın 29-u gecə saatlarında isə Həmədan şəhərində etirazçılar ayağa qalxıb. Onlar Tehran aksiyaçılarına dəstək verib, hökumətə qarşı şüarlar səsləndiriblər.
İş o yerə çatıb ki, İran prezidenti Məsud Pezeşkian ölkədə baş verən etiraz aksiyaları fonunda hökumətin vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edəcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, dövlət başçısı yerli KİV-ə açıqlamasında xalqa xidmət edə bilmədiyi halda vəzifədə qalmağın mənasız olduğunu vurğulayıb.
Pezeşkian bildirib ki, məsuliyyət onun üzərinə düşürsə, problemi də şəxsən həll etməlidir:
“Biz laqeyd qalmayacağıq və yoxsulluqla, aclıqla mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik”.
Prezident əlavə edib ki, əhalinin rifahı onun gündəlik diqqət mərkəzindədir:
“Pul-kredit və bank sisteminin islahatı, vətəndaşların alıcılıq qabiliyyətinin qorunması üçün əsas tədbirlər planlaşdırılıb”.
Bu çərçivədə Pezeşkian daxili işlər nazirinə etirazçıların nümayəndələri ilə dialoq aparmaq və onların qanuni tələblərini dinləmək barədə göstəriş verib.
İran prezidenti bu mövqeyini “X” sosial şəbəkəsində də paylaşaraq, hökumətin problemlərin həlli üçün məsuliyyətli və fəal şəkildə çalışacağını qeyd edib.
Ekspertlər hesab edirlər ki, bu etiraz aksiyalarında xarici güclərin də əli ola bilər. Ehtimallardan biri də odur ki, bu etirazlar bundan sonra da davamlı olsun.

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a açıqlamasında cənub qonşumuzdakı etirazların səbəblərini sadalayıb:
“İranda vaxtaşırı baş verən etiraz aksiyalarını yalnız bir səbəblə izah etmək mümkün deyil. Bu proseslər bir-biri ilə sıx bağlı olan daxili siyasi quruluş, xarici siyasət xətti, iqtisadi təzyiqlər və regional qarşıdurmaların nəticəsi kimi meydana çıxır. Məsələyə kompleks yanaşma göstərilmədiyi təqdirdə, İranda yaşanan sosial gərginlikləri düzgün oxumaq çətinləşir.
İran 1979-cu il İslam İnqilabından sonra bölgədə özünəməxsus və alternativ siyasi sistem formalaşdırıb. Bu sistemdə ali nəzarət və strateji qərarvermə mexanizmi ruhanilərin və ali dini rəhbərin əlində cəmləşib, icraedici hakimiyyət isə prezident və dövlət institutlarına həvalə edilib. Formal olaraq mövcud olan bu ikili idarəetmə modeli zaman-zaman sistem daxilində məsuliyyət bölgüsünün qeyri-müəyyənliyinə, cəmiyyətlə dövlət arasında etimad boşluğuna yol açır.
Sosial problemlərin həlli istiqamətində icraedici strukturların manevr imkanlarının məhdudluğu ictimai narazılığı daha da dərinləşdirir.
Digər mühüm amil İranın xarici siyasət kursudur. ABŞ, Qərb dövlətləri və İsrail ilə davam edən ideoloji və geosiyasi qarşıdurma İranı uzun müddətdir regional münaqişələrin birbaşa və ya dolayı tərəfinə çevirib. Livan, İraq və Suriyada proksi qüvvələr üzərindən aparılan mübarizə Tehranın regional nüfuzunu artırsa da, bunun iqtisadi və sosial yükü birbaşa ölkə daxilində hiss olunur. Bu qarşıdurmalar nəticəsində İrana tətbiq edilən sanksiyalar və beynəlxalq embarqolar dövlətin iqtisadi potensialını ciddi şəkildə zəiflədib.
Sanksiyalar səbəbindən enerji gəlirlərinin məhdudlaşması, maliyyə sisteminə çıxışın çətinləşməsi, inflyasiyanın artması və işsizlik səviyyəsinin yüksəlməsi əhalinin gündəlik həyatına birbaşa təsir göstərir.
Dövlətin əhalinin rifahını təmin etmək funksiyasını tam şəkildə yerinə yetirə bilməməsi sosial narazılıqları qaçılmaz edir. Bu narazılıqlar müəyyən mərhələdə təkcə iqtisadi tələblərlə məhdudlaşmır, eyni zamanda mövcud siyasi sistemi qəbul etməyən qrupların etirazları ilə üst-üstə düşür və nəticədə aksiyalar daha geniş xarakter alır.
Son dövrdə baş vermiş və cəmi on iki gün davam etmiş İran–İsrail qarşıdurması bu mənzərəni daha da mürəkkəbləşdirib. Müharibə müddətində tərəflər bir-birinə ciddi zərbələr endirib, prosesin yekun mərhələsində isə ABŞ faktiki olaraq münaqişənin son nöqtəsini qoyub.
Bununla belə, müharibənin necə və hansı şərtlərlə dayandırılması məsələsində İsrail və ABŞ arasında yanaşma fərqləri ortaya çıxıb. Beynəlxalq media və analitik dairələr İsrailin ABŞ-ın İrana qarşı daha birbaşa hərbi iştirakını istədiyini, lakin Vaşinqtonun məsələyə daha ehtiyatlı və hesablanmış şəkildə yanaşdığını vurğulayırlar. Müharibədən sonrakı mərhələdə İranda baş verən etirazlar təkcə daxili sosial-iqtisadi problemlərlə izah edilə bilməz. Sosial şəbəkələrin təsiri, informasiya müharibəsi və xarici faktorların bu proseslərdə rol oynaması ehtimalını da tam istisna etmək mümkün deyil.
Mövcud gərgin beynəlxalq və regional şərait İran daxilində baş verən hər bir sosial hadisəni daha həssas və potensial riskli hala gətirir”.
Cavanşir ABBASLI
Musavat.com






