İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazda yeni güc mərkəzi - Bakıdan ŞƏRH

360 11.06.2026 12:53 Siyasət A A

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin İstanbulda imzalanan yekun birgə bəyannamə sıradan diplomatik hadisə deyil. Bakı, Ankara və Tiflis Moskvaya açıq və birmənalı mesaj göndərir- Kremlin regiondakı tranzit üstünlüyü artıq geri dönməz şəkildə sıradan çıxarılıb. Sənəd açıq şəkildə göstərir ki, Cənubi Qafqaz artıq imperiya periferiyası deyil, müstəqil qərarlar verən və öz təhlükəsizliyini təmin edən regiondur.


Ceyhun Bayramov İstanbul bəyannaməsini imzaladı

Bəyannamənin əsas tezisi ondan ibarətdir ki, Qara dəniz-Xəzər regionunda sabitliyin əsas təminatçısı Ankara-Bakı-Tiflis oxudur və bu əməkdaşlığa real alternativ yoxdur. Suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə verilən qarşılıqlı dəstək faktiki olaraq vahid diplomatik cəbhə formalaşdırır. Enerji və logistika məsələləri isə sənədin strateji nüvəsini təşkil edir. Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələrin vurğulanması təkcə iqtisadi deyil, həm də siyasi mesajdır. Bu layihələr Avropanın enerji təhlükəsizliyində alternativsiz rol oynayır və Rusiyanın enerji təsir alətlərini zəiflədir.

Eyni zamanda, Orta Dəhliz və Bakı–Tiflis–Qars dəmir yolu layihələrinin önə çəkilməsi Moskvanın tranzit ambisiyalarına ciddi zərbədir. Rusiya marşrutlarının sanksiyalar və geosiyasi təcrid səbəbilə zəiflədiyi bir dövrdə bu xətt Çin ilə Avropa arasında əsas ticarət arteriyasına çevrilir. Bununla da region ölkələri açıq şəkildə bildirirlər: tranzit üzərində Rusiyanın inhisarı artıq keçmişdə qalıb.

featured-image-726345

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-a bildirdi ki, İstanbul bəyannaməsi sadəcə diplomatik protokol sənədi kimi görünsə də, regionda formalaşan yeni geosiyasi reallığın ifadəsidir: "Lakin məsələyə daha geniş prizmadan baxdıqda görünür ki, burada söhbət təkcə Rusiyanın zəifləyən təsirindən getmir, eyni zamanda Cənubi Qafqazın ilk dəfə olaraq öz strateji gündəmini özü müəyyən etməyə başlamasından bəhs edilir.

Əslində, Ankara–Bakı–Tiflis xəttinin uğuru hər hansı bir gücə qarşı qurulmasında deyil, alternativ yaratmasındadır. Uzun illər Cənubi Qafqaz böyük güclərin rəqabət meydanı kimi qəbul olunurdu. Region ölkələri isə çox vaxt bu rəqabətin obyekti rolunda çıxış edirdi. Bu gün isə vəziyyət dəyişir. Azərbaycan, Türkiyə və Gürcüstan göstərirlər ki, regionun təhlükəsizliyi, enerji siyasəti və nəqliyyat marşrutları kənardan diktə edilən layihələr deyil, birbaşa regional maraqlar üzərində qurula bilər. Bakı–Tiflis–Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı–Tiflis–Qars kimi layihələrin əhəmiyyəti də məhz buradan qaynaqlanır. Bu xətlər təkcə neft, qaz və yük daşımır. Onlar siyasi iradə, iqtisadi müstəqillik və strateji etimad daşıyırlar. Bir vaxtlar xəritə üzərində riskli görünən bu layihələr artıq Avrasiyanın enerji və logistika arxitekturasının ayrılmaz hissəsinə çevrilib. Bu isə o deməkdir ki, regionun geosiyasi çəkisi yalnız hərbi və ya siyasi amillərlə deyil, yaratdığı iqtisadi dəyərlə ölçülür. Orta Dəhlizin ön plana çıxması da təsadüfi deyil. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan, Türkiyə və Gürcüstan Şərqlə Qərbi birləşdirən ən etibarlı körpülərdən birini təqdim edirlər. Bu marşrutun üstünlüyü yalnız məsafədə deyil. Onun əsas üstünlüyü siyasi sabitlik, tərəfdaşlıq və uzunmüddətli strateji baxışdır. Məhz buna görə də beynəlxalq investorlar və böyük iqtisadi mərkəzlər getdikcə daha çox diqqəti bu istiqamətə yönəldirlər".

Deputat deyir ki, bununla belə, məsələni yalnız "Rusiyanın məğlubiyyəti" kimi təqdim etmək də doğru olmazdı: "Geosiyasətdə boşluq uzun müddət qalmır. Əsas məsələ kiminsə zəifləməsi deyil, region dövlətlərinin yaranan imkanlardan nə dərəcədə səmərəli istifadə etməsidir. İstanbul bəyannaməsinin əsl mahiyyəti də burada gizlənir: Cənubi Qafqaz ilk dəfə olaraq özünü geosiyasi oyunun predmeti deyil, müəlliflərindən biri kimi təqdim edir. Bu sənədin verdiyi ən mühüm mesaj da məhz budur: Azərbaycan, Türkiyə və Gürcüstan artıq sadəcə xəritədə qonşu ölkələr deyil. Onlar enerji təhlükəsizliyini, nəqliyyat marşrutlarını və regional sabitliyi müəyyən edən strateji mərkəzə çevrilirlər. XXI əsrin geosiyasi reallığında isə təsir gücü təkcə orduların sayıyla deyil, qurduğunuz marşrutlarla, yaratdığınız iqtisadi dəyərlə və ətrafınızda formalaşdırdığınız etimad mühiti ilə ölçülür. İstanbulda imzalanan bəyannamə də məhz bu yeni güc balansının siyasi manifesti kimi oxunmalıdır".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR