Musavat.com xəbər verir ki, Ekvadorun turistlərin tez-tez üz tutduğu çimərliklərdən birində ağır cinayət hadisəsi qeydə alınıb. Adətən balinaları izləmək üçün ziyarət edilən sahildə beş insan başının taxta dirəklərdən kəndirlə asıldığı aşkar edilib. Bu barədə Daily Mail nəşri məlumat yayıb.
Məlumata görə, insan qalıqlarının yanında “xəbərdarlıq nişanı” da yerləşdirilib. Həmin nişanın limanda balıqçılardan pul tələb edilməsi ilə bağlı hədə-qorxu xarakteri daşıdığı bildirilir. Hadisə Puerto-Lopes limanı ərazisinə yaxın çimərlikdə baş verib.
Polis ilkin araşdırmalar əsasında hadisəni narkotik ticarəti ilə məşğul olan cinayətkar qruplaşmalar arasında münaqişə ilə əlaqələndirir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bölgədə narkokartellər fəaldır və balıqçıları, eləcə də onların kiçik qayıqlarını qeyri-qanuni daşımalar üçün istifadə edirlər.
Qeyd olunur ki, 2025-ci il Ekvador tarixində ən qanlı il hesab olunur. Rəsmi statistikaya əsasən, ölkədə bir il ərzində 9 mindən çox qətl hadisəsi qeydə alınıb.
Musavat.com






