İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Rusiyanı “sakit işğal” edir

607 23.12.2025 15:50 Gündəm A A

Rusiyada demoqrafik vəziyyətin ildən-ilə pisləşməsi vətəndaşların, xüsusən də rusların say nisbətində gənclərin sayının sürətlə azalmasına gətirib çıxarıb. Nəticədə Rusiyada işçi qüvvəsi çatışmazlığı yaşanır. Rusiya hökuməti dərinləşməkdə olan işçi qüvvəsi problemini Çindən yüz minlərlə əmək miqrantına qucaq açmaqda görür.

1,4 milyardlıq əhalisi və sürətlə böyüyən iqtisadiyyatı olan Çin öz əhalisinin miqrasiyasında maraqlıdır. Çin öz vətəndaşlarının Rusiyada mümkün qədər çox yerləşməsində maraqlı görünür.

Bəs bu tendensiya əhalisi ilbəil azalan Rusiya üçün nələr vəd edir? Bu gedişlə çinlilər Rusiyanı səssiz “işğal” edirlər?

YUSİF SON.jpg (41 KB)

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, çinli miqrantların Rusiyaya artan axını bu ölkəyə həm imkanlar, həm də risklər vəd edir:

“İşçi qüvvəsi çatışmazlığının qismən aradan qalxması baxımından müsbət hesab etmək olar. Çünki müharibə, demoqrafik böhran və keçmiş SSRİ ölkələrindən miqrant axınının azalması fonunda Rusiyada kəskin əmək çatışmazlığı var.

Çinli işçilər tikinti, sənaye, kənd təsərrüfatı, infrastruktur layihələri sahəsində boşluqları doldurur. Bu isə iqtisadiyyatın çökməsinin qarşısını qismən alır. Qərb sanksiyaları fonunda Rusiya Çinə alternativsiz tərəfdaş kimi baxır. Çinli işçilərin artması Çin investisiyalarının, texnologiyasının, şirkətlərinin Rusiyada möhkəmlənməsini sürətləndirir. Bu isə qısa müddətdə iqtisadi nəfəs, uzun müddətdə isə Çindən strateji asılılıq yaradır”.

Politoloq qeyd edib ki, Rusiyanın xüsusilə Uzaq Şərq və Sibir bölgələri əhali çatışmazlığı səbəbilə boşalır və bu regionlar iqtisadi cəhətdən tənəzzüldədir:

“Çinli işçilər və biznesmenlər bu regionlarda torpaq icarəsi, istixanalar, emal müəssisələri yaradır. Nəticədə regionlar “ölü zonaya” çevrilmir, amma nəzarət balansı dəyişir.

Çinli miqrantların axınının Rusiyaya vəd etdiyi digər təhlükələrə gəlincə, ilk növbədə demoqrafik və sosial risklər yaradır. Çinli miqrantlar adətən inteqrasiya olunmur, öz icmaları ilə yaşayır, rus dilini zəif öyrənir. Bu isə lokal gərginlik, rus millətçilərinin narazılığı, “paralel cəmiyyət” riski yaradır. Həmçinin ölkə üçün “sakit ekspansiya” qorxusu yaradır. Bu, rəsmi işğal deyil, sakit, yavaş-yavaş işğaldır. Bunun nəticəsində Rusiyada Çin biznesi-Çin işçisi-Çin kapitalı-Çin təsiri zənciri formalaşır.

Hazırda xüsusən Rusiyanın Sibir, Amur vilayəti, Uzaq Şərq regionunda bu proses daha qabarıq görünür. Bir müddət sonra Rusiya bu ərazilərdə real iqtisadi suverenliyini itirmək vəziyyəti ilə üzləşə bilər. İqtisadi asılılıq geosiyasi balansın da Rusiyanın zərərinə dəyişməsini tətikləyəcək. Buna görə də Rusiyada elitalar arasında belə bir fikir var ki, Çin Rusiyanın düşməni deyil, amma nəzarətsiz müttəfiq də təhlükəlidir”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR