Çin hakimiyyəti ABŞ dövlət katibi Marko Rubioya qarşı tətbiq edilən şəxsi sanksiyalara baxmayaraq, onun Pekinə səfər edə bilməsi üçün adının Çin dilindəki yazılışını dəyişmiş ola bilər.
Musavat.com xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyi adının açıqlanmasını istəməyən diplomatlara istinadən məlumat yayıb.
Agentliyin xatırlatdığına görə, Çin hakimiyyəti hələ senator olduğu dönəmdə Rubioya qarşı iki dəfə sanksiya tətbiq edib.
Rubionun 2025-ci ildə dövlət katibi vəzifəsinə başlamasından sonra Çin Xalq Respublikasının (ÇXR) dövlət qurumları və rəsmi mediası onun adının Çin dilindəki yazılışında istifadə olunan heroqliflərdən birini dəyişib.
Agentliyin həmsöhbətlərinin fikrincə, rəsmi Pekin bu addımı Rubionun adının sanksiya siyahılarında fərqli şəkildə yazılmasına görə ona qarşı məhdudiyyətləri tətbiq etməmək imkanı qazanmaq üçün atıb.
Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penyu isə agentliyin sorğusuna cavab olaraq yalnız bunu bildirib: "Rubioya qarşı sanksiyalar onun senator olduğu müddətdə Çinlə bağlı söylədiyi sözlər və törətdiyi əməllərə görə tətbiq edilmişdi".
Musavat.com






