İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN-dən şok analiz: ABŞ-da siyasət artıq güllə qorxusu ilə aparılır

383 07.01.2026 19:07 Dünya A A

ABŞ-da siyasi zorakılıq artıq təkcə təhlükəsizlik məsələsi deyil — Demokrat Partiyasının gələcək prezident seçkilərinə hazırlığına birbaşa təsir edən əsas amilə çevrilib.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalının xüsusi analitik yazısında qeyd olunub.

Kanalın verdiyi xəbərə görə, aparıcı demokrat siyasətçilər açıq etiraf edirlər ki, kampaniyalarını artıq seçiciyə yaxınlıq yox, fiziki təhlükəsizlik müəyyənləşdirir.

Arizona senatoru Mark Kelli uzun müddətdir ictimai yerlərdə oturarkən arxasını divara söykəyir, çıxış yollarını və mümkün hücum ssenarilərini əvvəlcədən hesablayır. Bu vərdiş təsadüfi deyil. Onun həyat yoldaşı, konqres üzvü Qabrielle Giffords 2011-ci ildə silahlı hücum nəticəsində başından ağır yaralanıb. Kelli deyir ki, indiki vəziyyət əvvəlkilərdən fərqlidir və daha qorxuludur.

“Mənə dəfələrlə atəş açılıb, təyyarəmin yanında raket partlayıb. Amma indi risk başqa cür hiss olunur,” – deyə Kelli bildirib.

Son bir ildə bir neçə yüksək səviyyəli siyasi qətl və hücumdan sonra zorakılıq qorxusu ABŞ-da seçki kampaniyalarının ayrılmaz hissəsinə çevrilib. Demokrat namizədlər artıq bir-birilə proqramları yox, təhlükəsizlik tədbirlərini müzakirə edirlər: kimə nə qədər mühafizə lazımdır, kim bunun xərcini ödəyə bilər.

Kampaniya yox, mühafizə əməliyyatı

Bir çox potensial namizəd üçün artıq paradlar və açıq hava tədbirləri ləğv olunub. Ofislərdə və yaşayış yerlərində gülləkeçirməz şüşələr quraşdırılıb, tədbirlərdə gizli polis əməkdaşları yerləşdirilir. Bəzi siyasətçilərə mühafizə snayperlərinin açıq, yoxsa gizli mövqedə olması barədə suallar verilir.

Demokratların gələcək liderləri etiraf edirlər ki, seçkiyə qatılmaq qərarı artıq ailənin təhlükəsizliyi ilə ölçülür. Bir neçəsi övladlarının gecə hücuma məruz qalacağı qorxusunu gizlətməyib.

“Mənim güclü mühafizəm var, bilirəm ki, mən sağ qalacam. Amma digərləri üçün narahatam”, -deyə Kentuki ştatının qubernatoru Endi Beşir deyib.

“Bu dəfə fərqlidir”

ABŞ siyasətində zorakılıq təhlükəsi həmişə olub. Lakin ekspertlər bildirir ki, onlayn radikallaşma, silahlara asan çıxış və siyasi ritorikanın müharibə dilinə çevrilməsi vəziyyəti partlayış nöqtəsinə gətirib.

Xüsusilə diqqət çəkən məqam odur ki, Demokratların mümkün namizədləri arasında yəhudi, qaradərili, qadın və LGBT nümayəndələrin çoxluğu təhdidlərin həm sayını, həm də aqressiyasını artırır.

Miçiqan qubernatoru Qretçen Uitmer 2020-ci ildə oğurluq planının hədəfi olub. Pensilvaniya qubernatorunun rəsmi iqamətgahı yandırılıb. İllinoys qubernatoru C.B. Pritsker isə açıq şəkildə bildirir ki, Trampın ritorikasından sonra ailəsinə yönələn təhdidlər kəskin artıb.

“Əvvəllər bəzən mühafizəsiz çıxırdım. İndi bu mümkün deyil,” – deyə Pritsker etiraf edir.

Prezident faktoru

Demokratlar hesab edir ki, vəziyyəti daha da ağırlaşdıran əsas amillərdən biri prezidentin zorakılıqla bağlı açıq və qəti mövqe ortaya qoymamasıdır. Onların fikrincə, Tramp siyasi ritorikanı daha da sərtləşdirir və bu, real təhlükələrə yol açır.

Ağ Ev isə iddiaları rədd edir və bildirir ki, Tramp siyasi zorakılığın təhlükəsini hamıdan yaxşı anlayır, lakin Demokratları “təxribatçı dilə görə” tənqid etməkdən çəkinməyəcək.

Seçki kampaniyaları dəyişir

Müşahidəçilər bildirir ki, gələcək Demokrat praymerizləri artıq əvvəlki kimi olmayacaq. Ev toplantıları, sərbəst mitinqlər, kütlə ilə birbaşa ünsiyyət — bütün bunlar ya məhdudlaşdırılır, ya da tamamilə ləğv edilir.

Namizədlər getdikcə daha çox mühafizə divarları arxasından siyasət aparmağa məcbur qalırlar. Bu isə seçicilərlə münasibəti dəyişir və kimin seçkilərə qatılacağını əvvəlcədən süzgəcdən keçirir.

Keçmiş MKİ əməkdaşı və Virciniya qubernatoru seçilən Abiqeyl Spanberger bunu belə ifadə edir:

“Mən qorxa bilmərəm. Çünki yaxşı insanlar qorxanda, siyasətə gəlmirlər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR