Böyük Britaniyanın keçmiş baş nazirlərindən ən məşhuru olan Uinston Çörçillin (1974-1965) adına çıxılan bir dialoq var. Çox ibrətamiz dialoqdur, bütün imperiyalara və onların müstəmləkələrinə aiddir.
Dialoq belədir: Çörçilldən soruşurlar ki, siz nə üçün Hind okeanının o biri tərəfinə keçib Hindistanı müstəmləkəyə çevirə, qondarma Şərqi Hindistan dövləti yaradırsınız, amma qulağınızın dibindəki Şimali İrlandiyaya hökm edə bilmirsiniz.
Çörçillin suala cavab belə olur: “Ona görə ki, İrlandiyada bizə lazım olan iki önəmli şərt yoxdur”.
Soruşurlar: “O, iki şərt nədir?
20-ci əsrin ən ağıllı və uzaqgörən siyasətçisi deyir: “Cahil çoxluq və xain azlıq”.
Bəli, istənilən metropoliya istənilən azman, çoxmilyonluq ölkəni məhz bu iki faktora görə müstəmləkəyə çevirə bilir. Bir ölkədə öz taleyinə biganə, ortaya iradə qoymağı bacarmayan cahil kütlə və merkantil maraqları (komfort, lüks, kalori, sərvət, mənsəb) üçün öz xalqına xain çıxmağa hazır olan azlıq varsa, o ölkənin xalqı mütləq köləyə çevriləcək.
Bu fikrin yüzdəyüz həqiqət olduğunu 20-ci əsrin ortalarına qədər dünyanın yarıdan çoxunda müstəmləkə ölkələrin çox olması sübut edir. İmperiyalar Avrasiya, Afrika, Cənubi Amerika materiklərində, Okeaniyada və digər arxipelaqlarda işğala məruz qoyduqları və idarə etdikləri ölkələri məhz xain azlıqların əliylə ram ediblər, onlara fərqli, sərfəli şərait yaradaraq, əvəzində cahil xalqı sümürüb, əziblər. Ta o vaxta qədər ki, həmin xalqların milli şüuru oyanıb, istila və istismardan cana doyub ayağa qalxıblar.
Məsələn, “cahil çoxluq” və “xain azlıq” faktorlarının həlledici olduğu Hindistanda elə olub. Çörçillin “yarıçılpaq dərviş” adlandırdığı Mahatma Qandi savadsız kütlələri inandırmağı və öz arxasınca müstəqilliyə aparmağı bacarıb, nəticədə “xain azlıq” Böyük Britaniya üçün daha faydalı ola bilməyib.
1917-ci ilin fevralında baş verən burjua inqilabının nəticələrindən narazı qalan bolşeviklər Rusiyanın itirmiş olduğu müstəmləkələri həmin iilin 25 oktyabrında (indiki təqvimlə 7 noyabrda) həyata keçirdikləri çevrilşdən sonra xalqların cahilliyi və öndə olan azsaylı savadlı kəsimin xainliyi üzündən yenidən istila ediblər.
Yerli bolşeviklərin, xain azlığın Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi üçün necə dəridən-qabıqdan çıxdığı barədə minlərlə arxiv materialı var və onların çoxu artıq tarix kitablarında dərc olunub. Kreml sonradan bu “xain azlığı”ın kökünü kəsib, öz xalqına qarşı xainlik edənləri repressiyaya məruz qoyub, məhv edib. Ancaq onların yeri boş qalmayıb.
Rusiya hazırda da müxtəlif ölkələrdə “xain azlıq”larla işləməyi üstün tutur. Politologiyada onlara “5-ci kolon” deyirlər. Bu “xain azlıq”lardan çox ölkədə var. Bizdə də mövcuddurlar.
Fəqət dəyişiklik odur ki, indi xalqın əksəriyyəti cahil deyil. 100 il əvvəl təhsilli və fəal insanlarımızın, xalqın gələcəyini düşünən şəxslərin sayı 100 nəfərə çatmırdısa, bu gün onların sayı yüzminlərlədir və hamısı Rusiyanın öz imperiya ambisiyalarını hələ də sürdürdüyünü anlayırlar.
Bu gün Rusiya Ermənistanda məhz “xain azlıq”dan istifadə etmək, başı daşdan-daşa dəyəndən sonra ağıllanmış və xalqını bir əsrlik girdabdan çıxarmağa çalışan Paşinyanı devirmək istəyir. Bu planın qarşısını hələlik ermənilərin cahil olmayan, mənasız iddialardan, qonşularla xroniki düşmənçilikdən bezmiş kəsiminin iradəsi alır. 100 il əvvəlki erməni xalqı Paşinyanı devirər, “rus ayısı”na yem edərdi.
İran da bir aralar “xain azlıq”lara güvənirdi, hətta onların artıb “çoxluq” olması üçün milyonlar xərcləyirdi. Bu şəxslər artıq o qədər ötkəm olmuşdular ki, sözlərinin qabağından söz deyəni “Azərbaycanda islam respublikası qurulacağı vaxt” repressiya ilə, edamla hədələyirdilər. Onlara görə dini təbliğat vasitəsilə cahilləşdirilmiş insanlar İranyönılü qüvvələrin Bakıda hakimiyyəti götürməsinə nəinki mane olmayacaqdılar, əksinə, kömək edəcəkdilər.
Elə olmadı. Müasir insanlar şüurludurlar, savadlıdırlar, uzaq paytaxtlardan sol əlində yağlı fətirlə gələnlərin sağ əlindəki qamçını da görürlər.






