Braziliyanın San-Paulu ştatında yerləşən Limeyra bölgəsində baş verən faciəli hadisə ölkədə böyük rezonans doğurub.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, 21 yaşlı Maria Eduarda Rodrigues de Freitas adrenalin həvəskarları üçün təşkil edilən bungee jumping (körpüdən elastik iplə tullanma) attraksionu zamanı həlak olub. İlkin araşdırmalara görə, qadın təxminən 40 metr hündürlükdən tullandırılıb, lakin təhlükəsizlik ipi onun qoruyucu kəmərinə qoşulmayıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Videoda əməkdaşların qadını körpünün kənarından buraxdığı, bir neçə saniyə sonra isə ətrafdakı şəxslərin “İp! İp!” deyə qışqırdıqları eşidilir. Lakin artıq gec olub və gənc qadın yerə çırpılıb.
Məlumata görə, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Yerli KİV-lərin məlumatına əsasən, təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması səbəbindən bir neçə nəfər saxlanılıb.
Hüquq-mühafizə orqanları faciənin dəqiq səbəblərini və məsul şəxsləri müəyyənləşdirmək üçün istintaq aparır.
Musavat.com






