“Qərbi azərbaycanlıların öz doğma yurd- yuvalarına qayıdışı tarixi zərurətdir. Bu, təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqaz regionunun gələcək inkişafı və uzunmüddətli sabitliyi üçün strateji əhəmiyyət daşıyır. Tarixi ədalətin bərpası, deportasiya olunmuş soydaşlarımızın hüquqlarının təmin olunması və onların öz doğma torpaqlarına təhlükəsiz qayıda bilməsi, həmçinin regionda davamlı sülhün möhkəmləndirilməsi yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mümkündür”.
Bu sözləri Musavat.com-a Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq hüquqa və insan haqlarına zidd olan siyasətindən əl çəkməli, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdıb sülh və təhlükəsiz şəraitdə yaşamasını təmin etməlidir: “Bununla yanaşı, Ermənistanın bu prosesə mane olması, yalnız Azərbaycan üçün deyil, bütün region üçün ciddi təhlükə və çətinlik yaradır. Azərbaycan dövləti isə bu hüquqi və humanitar məsələnin həlli istiqamətində qətiyyətli addımlar atır və hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Tarixi və əzəli torpağımız olan Qərbi Azərbaycanda yaşayan soydaşlarımız zaman-zaman etnik təmizləməyə məruz qalıblar. Onlar öz doğma torpaqlarından didərgin düşməyə məcbur ediliblər. Xüsusilə 1988–1991-ci illərdə baş vermiş etnik təmizləmə nəticəsində 300 mindən çox azərbaycanlı Ermənistan ərazisindən deportasiya edilib. Ermənilər soydaşlarımızın yaşadıqları məntəqələri qarət edib, dağıdıb və xarabalığa çeviriblər. Buna baxmayaraq, xalqımız öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və daima geriyə, öz ata-baba yurdlarına qayıtmaq arzusu ilə yaşayır”.
S.Salmanova vurğulayıb ki, beynəlxalq ictimaiyyət də Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı məsələsində Ermənistana təzyiq göstərməlidir: “Bu, deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət baxımından böyük önəm daşıyır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, hər kəs öz ölkəsində sərbəst hərəkət edə və istədiyi yerə qayıda bilər. Bundan başqa, BMT-nin 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələri bölgədəki qaçqınların geri qayıtmasına şərait yaratmağı tələb edir”.
“Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan tərəfi heç bir ölkəyə ərazi iddiası irəli sürmür. Azərbaycan üçün əsas məsələ yalnız deportasiya edilmiş soydaşlarımızın öz doğma yurdlarına qayıda bilməsidir. Bu mövqe Azərbaycanın sülhsevər siyasətinin, qonşu ölkələrlə əməkdaşlığın və regional sabitliyin təmin olunmasına verdiyi töhfənin aydın nümunəsidir. Beləliklə, Qərbi azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və sülh şəraitində geri dönməsi həm tarixi ədalətin bərpasıdır, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən strateji addımdır. Azərbaycan dövləti bu məsələnin həlli üçün qətiyyətlə çalışır və beynəlxalq ictimaiyyəti də məsuliyyətli davranmağa çağırır”, - parlamentari söyləyib.
Cavanşir ABBASLI
Musavat.com






