Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin təhlükəsizlik zəmanətləri qarşılığında Donbasla bağlı mümkün güzəştlər barədə yayılan iddialara münasibət bildirib.
Musavat.com xəbər verir ki, Zelenski Çexiyanın Český rozhlas radiosuna verdiyi müsahibədə bu mövzunun siyasi dairələrdə səsləndirildiyini təsdiqləsə də, bunun birbaşa ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülmədiyini vurğulayıb.
Onun sözlərinə görə, “təhlükəsizlik zəmanətləri qarşılığında Donbas ərazilərindən imtina” ilə bağlı fikirlər müxtəlif siyasi çevrələrdə müzakirə olunsa da, bu məsələ ilə bağlı Trampdan konkret tələb eşitməyib:
“Mən bu barədə eşitmişəm. Siyasi dairələrdə bəzi siyasətçilər bunu qaldırıblar. Amma bunu birbaşa prezident Trampdan eşitməmişəm. Təhlükəsizlik zəmanətləri onun və ABŞ Konqresinin məsuliyyətindədir”, – deyə Zelenski qeyd edib.
Eyni zamanda Ukrayna lideri açıq şəkildə bildirib ki, ABŞ-dən veriləcək təhlükəsizlik zəmanətlərinin müəyyən “qiyməti” ola bilər. Onun sözlərinə görə, əsas məsələ bu zəmanətlərin hansı şərtlərlə təqdim olunacağıdır və Kiyev üçün bu şərtlərin ölkənin ərazi bütövlüyünə zidd olmaması əsas prinsip olaraq qalır.
Musavat.com






