Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində ölkənin daxili və xarici siyasət gündəliyindəki mühüm məsələlərə aydınlıq gətirdi. Dövlət başçısı müsahibə zamanı ötən dövrdə görülən işləri qiymətləndirsi, qarşıda duran hədəfləri və strateji prioritetləri diqqətə çatdırdı . Həmçinin Azərbaycan cəmiyyətini və beynəlxalq ictimaiyyəti maraqlandıran aktual məsələlərə prinsipial və aydın münasibət bildirdi.
"Ölkə rəhbərinin çıxışı Azərbaycanın qarşıdakı dövr üçün prioritetləri baxımından ictimai maraq doğuran mühüm mesajlarla yadda qalıb".
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində 2025-ci ili Azərbaycan üçün tarixi mərhələ kimi qiymətləndirib: "Dövlət başçısı bildirib ki, məhz bu il Ermənistan-Azərbaycan münaqişəsinə siyasi baxımdan tam son qoyulub və Azərbaycan döyüş meydanında qazanılan Qələbəni beynəlxalq siyasi müstəvidə rəsmiləşdirib. Avqust ayında ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona edilən səfər, Ağ Evdə keçirilən görüşlər və BMT Baş Assambleyasında səsləndirilən mövqelər bu prosesin zirvə nöqtəsi olub. Prezident vurğulayıb ki, əldə olunan razılaşmalar təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Artıq ölkə sülh şəraitində yaşayır və bu, həm siyasi, həm iqtisadi sahədə öz müsbət nəticələrini göstərir. Dövlət başçısı müsahibəsində 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən 907-ci düzəlişi Azərbaycana qarşı ciddi siyasi ədalətsizlik kimi qiymətləndirib. Dövlət başçısı vurğulayıb ki, bu qərarın qəbulunda həmin dövrdə ölkəyə rəhbərlik edən qüvvələrin səriştəsizliyi və diplomatik fəaliyyətsizliyi mühüm rol oynayıb. O dövrün hakimiyyəti Azərbaycanın haqq səsini beynəlxalq müstəviyə çıxarmaq iqtidarında olmayıb və nəticədə erməni lobbisinin təsiri ilə Konqresdə ölkəmizə qarşı qərəzli mövqe formalaşıb. Prezident bildirib ki, Azərbaycan vaxtında və prinsipial mövqe sərgiləsəydi, ABŞ administrasiyası məsələyə fərqli yanaşa bilərdi. Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə vəziyyət köklü şəkildə dəyişib. Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda Amerika-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu kontekstdə gözlənti ondan ibarətdir ki, ABŞ Konqresi artıq keçmişin qalığına çevrilmiş, bu gün isə tamamilə əsassız və absurd xarakter daşıyan 907-ci düzəlişi birdəfəlik aradan qaldıracaq. Dövlət başçısı diqqətə çatdırıb ki, nə o vaxt blokada var idi, nə bu gün blokada var: “Əksinə, bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açıldı və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?! Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu yoxdur bu gün. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var. Bu gün bu, yenə də simvolik xarakter daşısa da, necə deyərlər, masanı tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün Konqres bunu birdəfəlik ləğv etməlidir”.
Deputat diqqətə çatdırıb ki, əldə olunan nəticələrin ümumi mənzərəsi fonunda xarici siyasət sahəsində qazanılan uğurlar da xüsusi diqqət çəkir: "Prezident İlham Əliyev 2025-ci ildə Azərbaycanın xarici siyasətində mühüm uğurlarla yadda qalan bir sıra hadisələri xüsusi vurğulayıb: "Dövlət başçısı bu baxımdan ən önəmli nailiyyətlərdən biri kimi Çinlə münasibətlərin yeni mərhələyə yüksəlməsini qeyd edib. Onun Çinə dövlət səfəri zamanı imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə dünyanın aparıcı güclərindən biri ilə Azərbaycanın əlaqələrinin dərinləşməsinin və ölkəmizin uğurlu diplomatiyasının bariz nümunəsi kimi dəyərləndirilib. Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın D-8 təşkilatına üzv olmasını da 2025-ci ilin mühüm xarici siyasət nailiyyəti kimi xarakterizə edib. Təxminən 30 il ərzində yeni üzv qəbul etməyən bu nüfuzlu quruma ilk dəfə məhz Azərbaycanın dəvət olunması ölkəmizə göstərilən yüksək hörmətin və müstəqil, balanslı xarici siyasətin nəticəsi kimi qiymətləndirilib. Dövlət başçısı bildirib ki, bir milyarddan artıq əhalini və trilyonlarla dollarlıq iqtisadi potensialı birləşdirən D-8 çərçivəsində Azərbaycan artıq fəal fəaliyyətə başlayıb və ölkəmizin təşəbbüsü ilə media, iqlim, ekologiya, energetika və nəqliyyat sahələrini əhatə edən bir neçə mərkəz yaradılıb. Beləliklə, 2025-ci il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyi, strateji tərəfdaşlıqların genişləndiyi və xarici siyasətin yeni uğurlarla zənginləşdiyi il kimi xarakterizə olunur".
K.Bayramov xüsusi olaraq qeyd edib ki, regional təhlükəsizlik sisteminin gücləndirilməsi və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi məsələsi xüsusi aktuallıq kəsb edir: " Məhz bu baxımdan Prezident İlham Əliyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Sammitində çıxışı zamanı türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, müasir dünyada təhlükəsizliyin əsas təminatı güclü hərbi potensial, müttəfiqlik və qarşılıqlı dəstəkdir. Bu baxımdan o, üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib və bunun həm rəmzi, həm də praktiki əhəmiyyət daşıdığını qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın güc tətbiq etmək imkanına malik olsa da, haqq və ədalət prinsiplərinə sadiq qalaraq məsuliyyətli mövqe nümayiş etdirdiyini, məhz bu yanaşmanın ölkəmizin müdrik və güclü dövlət kimi mövqeyini möhkəmləndirdiyini xüsusi vurğulayıb".
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın iqtisadi və maliyyə sahəsində əldə etdiyi nailiyyətləri, həmçinin regionda strateji liderliyini möhkəmləndirən tədbirləri vurğulayıb: "Bildirilib ki, bu gün Azərbaycan Respublikasının xarici borcu tarixdə ən aşağı səviyyədədir və hesablamalara əsasən ÜDM-in 6,3-6,4 faizini təşkil edir. Ölkənin ehtiyatları xarici borcu 16-17 dəfə üstələdiyindən, bu borcu rahatlıqla geri ödəmək mümkündür. Konkret rəqəmin göstərilməməsi isə ötən il strateji məqsədlə qızıl ehtiyatlarının artırılması ilə bağlı qəbul edilmiş qərarla bağlıdır. Geosiyasi şəraiti diqqətlə izləyən dövlətimiz qızılın qiymətinin artacağını proqnozlaşdırmış və bu qərar nəticəsində Dövlət Neft Fondu yalnız qızıl ehtiyatlarının artırılması sayəsində 10 milyard ABŞ dollarından çox vəsait qazanmışdır. Qeyd etmək lazımdır ki, qızılın qiyməti aşağı düşərsə, ehtiyatlar da müvafiq şəkildə azalacaq. Bu gün ölkəmizin ehtiyatları hər gün dəyişir və 83-84 milyard ABŞ dolları həcmindədir, bəzən isə 85 milyardı da ötür. Buna baxmayaraq, adambaşına düşən ehtiyatlar baxımından bu, hər hansı bir ölkə üçün ən yüksək göstəricilərdən biridir. Bu maliyyə dayanıqlığı fonunda Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində də strateji imkanlarını genişləndirdiyini vurğulayıb. Belə ki, ölkə yalnız iqtisadi baxımdan deyil, həm də bərpaolunan enerji mənbələri vasitəsilə davamlı inkişaf və enerji təhlükəsizliyini təmin etmək istiqamətində mühüm addımlar atır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bərpaolunan enerji mənbələrinə xüsusi önəm verir və bu sahədə geniş perspektivlər mövcuddur. Ölkənin əsas məqsədi təbii imkanlardan maksimum istifadə etməkdir. Külək enerjisi potensialı 150 giqavatdan artıq olan Azərbaycanda Günəş enerjisi də geniş imkanlar təqdim edir. Xəzər dənizinin külək enerjisi potensialı da kifayət qədər yüksəkdir və bundan istifadə etməmək günah olardı. Bu imkanların dünya energetika bazarına təqdim olunması maraqla qarşılanıb. Hazırda əsas investorlardan biri Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti olub və 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. İkinci stansiya Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə tikilir. Üçüncü stansiya isə BP şirkəti tərəfindən Cəbrayıl rayonunda 240 meqavat gücündə qurulur. Eyni zamanda, Çin və Türkiyə şirkətləri də layihələrə maraq göstərir, yerli şirkətlər də artıq bu işlərə qoşulub. Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda stansiyalar planlaşdırılır. 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisi sistemə daxil ediləcək. Bu məqsədlə enerji sisteminin gücləndirilməsi və batareya saxlanc sistemlərinin qurulması prioritetdir. Prezident qeyd edib ki, bərpaolunan enerji texnologiyaları informasiya texnologiyaları və süni intellekt sahələrinin inkişafına da töhfə verəcək, bu sahədə Azərbaycanın regional liderliyini möhkəmləndirəcək".
K.Bayramov sonda əlavə edib ki, Prezident İlham Əliyevin vurğuladığı strateji yanaşmalar Azərbaycanın iqtisadi, enerji və regional təhlükəsizlik sahələrində güclü mövqeyini təmin edir: " Maliyyə dayanıqlığının möhkəmləndirilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı və regionda liderlik təşəbbüsləri ölkəmizin davamlı inkişafa doğru irəliləməsini və gələcək illərdə strateji imkanlarını genişləndirməsini təmin edir".
Cavanşir Abbaslı
Musavat.com






