Eldəniz Əmirov: “Bütün hallarda pensiya təminatında dövlət qulluqçuları xüsusi kateqoriya kimi böyük fərqlə seçilməməlidir”
Dövlət qulluqçularının pensiyası ilə bağlı qanuna dəyişiklik edilməsi təklif edilir.
Musavat.com xəbər verir ki, bu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə dövlət qulluğunda azı 35 il iş stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər siyahısına daxil edilməsi və bununla əlaqədar “Əmək pensiyaları haqqında” Qanuna müvafiq dəyişikliklərin edilməsi təklif olunur.
Bəs dövlət qulluğunda 35 il stajı olan şəxslərin güzəştli pensiya hüququ əldə etməsi dövlət büdcəsi üçün əlavə yük yarada bilərmi? Uzunmüddətli perspektivdə maliyyə davamlılığı necə təmin olunacaq?.jpg)
Bu cür təşəbbüs digər sahələrdə uzunmüddətli stajı olan şəxslər üçün də keçərli ola bilərmi?
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Burada əsas iki cür təsir var: birincisi büdcəyə, ikincisi isə digər istiqamətlərə olan təsir. Ədalət prinsipi də mühümdür. Həmçinin, prosesin davamlılığı baxımından təsirlərini də nəzərə almaq lazımdır. Əgər yük çox olarsa, davamlılıq və digər sahələrdə problemlər yarana bilər. Bu məsələlər kompleks şəkildə qiymətləndirilməlidir.
Yəni, bu dəyişiklik büdcəyə necə təsir edəcək, davamlı olacaqmı və yan təsirləri nələrdir? Digər istiqamətlərə təsirləri necə olacaq? Bu qiymətləndirməni düzgün aparmaq üçün isə yeni dəyişiklikdən yararlanan insanların sayı məlum olmalıdır. 35 il dövlət qulluqçusu olan şəxslərin sayı nə qədərdir, ümumi rəqəm necə olacaq? Bu rəqəmlər məlum olduqdan sonra isə daha doğru qərar verilə və ya daha dəqiq təklif irəli sürülə bilər.”
Eldəniz Əmirov əlavə edib ki, adətən bu tip məsələlər maliyyə baxımından tutumlu olur, çünki davamlılıq tələb edir: “Təbii ki, ən çox yük Dövlət Sosial Müdafiə Fondunun üzərinə düşəcək. Uzunmüddətli dövrdə bu nə kimi nəticələr verəcək, hansı xidmətlər təmin olunacaq, buna baxmaq lazımdır.
Bu dəyişiklik həm də dövlət qulluğunu bir növ təşviq edir. Biz bir tərəfdən isə özəl sektorun təşviqi ilə məşğuluq, uzunmüddətli vergi güzəştləri tətbiq olunur. Nəticədə uzunmüddətli perspektivdə müəyyən təsirlər ortaya çıxa bilər. Amma bütün hallarda pensiya təminatında dövlət qulluqçuları xüsusi kateqoriya kimi böyük fərqlə seçilməməlidir. Bu mövcuddur və nəzərə alınmalıdır, amma böyük fərq yaranarsa, ədalət prinsipi mütləq qorunmalıdır.
Hazırda pensiya kapitalının maliyyə dayanıqlığı hələ kifayət qədər qənaətbəxş deyil. Çünki pensiya sistemi belə qurulub ki, işləyənlərdən yığılan vəsait bu gün pensiya alanlara yönəldilir. Bu səbəbdən yığılmış pensiya kapitalları ilə bağlı suallar çoxdur. Məsələn, əgər yığılmış kapitala sahib bir şəxs pensiyaya çıxmağa bir ay qalmış dünyasını dəyişərsə, ailəsi həmin kapitaldan istifadə edə bilmir. Bu istiqamətdə çoxlu suallar var. Ona görə də məsələnin kompleks şəkildə qiymətləndirilməsi vacibdir”.
Afaq Mirayiq,
Musavat.com






