Ölkənin ictimai-siyasi gündəmi neçə gündür bəlli xəyanət şəbəkəsinin ifşası faktları ilə silkələnir. Şübhəsiz, yekun qiyməti məhkəmə istintaqı və çıxarılan hökmlər verəcək. Ancaq artıq indidən bəzi qənaətlərin altını cızmaq olar.
Əvvəla, hakimiyyətin yürütdüyü daxili-xarici siyasət kursunu tənqid eləmək də olar, ölkənin idarəçilik forması ilə bağlı təkliflər vermək də. Ancaq yalnızca konstitusiya çərçivəsində. “Qırmızı cizgilər”, “Siyasi partiyalar haqda” Qanun gözlənilməklə.
Yox, belə bir fəaliyyət xaricdəki məkrli anti-Azərbaycan, anti-Türk çevrələri ilə ortamda edilirsə, onda məsələnin mahiyyəti kəskin dəyişir. Siyasi səmimilik öz yerini siyasi buqələmunluğa verir. Bu qəbil hərəkətlər konstitusiyaya, demək, həm də dövlətə qarşı fərqli məzmun və mahiyyət qazanır.
Azərbaycan xalqının və onun uğrunda bunca ŞƏHİD verdiyimiz dövlətinin mənafeyi heç bir halda xarici qüvvələrlə bazarlıq predmetinə çevrilən bilməz. Millətə, dövlətə, bayrağa müxalifətçiliyin ADI üstündə - XƏYANƏT...

Sonra. Prezident İlham Əliyev bir neçə dəfə, o cümlədən ötən ilin sentyabrında “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə 1920-ci ilin aprelində rus ordusunun Azərbaycana daxil olaraq, ölkənin müstəqilliyinə son qoyduğunu və onu işğal etdiyini vurğulayıb. Şərqdə ilk demokratik cümhuriyyət olan ADR-i 1920-ci ildə hərbi təcavüzlə süquta uğratmış, bir il sonra (1921) Qərbi Zəngəzuru “Ermənistan” adlı uydurma dövlətə hədiyyə eləmiş, daha iki il sonra (1923) Azərbaycanın cismində “DQMV” adlı “gec partlayan mina” quraşdırmış, sovet dönəmində xalqımızı iki dəfə deportasiyaya məruz qoymuş, nəhayət, hələ də müstəqilliyimizi “həzm eləməmiş” bir imperialist dövlətlə Azərbaycan xalqı üçün necə “xoşbəxt planlar” qurmaq, ölkəni təzədən KTMT-yə-zada qoşmaq olar?
Rəsulzadə-Elçibəy yoluna sadiqlik harda qaldı bəs? Kim Rəsulzadə yolundadır – bu Cümhuriyyəti Rusiyaya qarşı möhkəmlədənlər, erməni-rus işğalına son qoyub süni “Dağlıq Qarabağ” problemini tarixin zibilliyinə atanlar, rus əsgərinin ayağını torpaqlarımızdan həmişəlik kəsənlər, yoxsa hakimiyyətə gəlmək naminə xalqın kürəyi arxasında “İvanla”, şeytanla belə, gizli iş birliyi qurmaq istəyənlər?..

Zaman-zaman yazmışıq, yenə xatırladaq: 44 günlük müharibədəki tarixi Zəfərimizlə ərazi bütövlüyümüzün, bir günlük aniteterror əməliyyatı ilə suverenliyimizin tam bərpasına ürəkdən sevinə bilməyən, Qələbəmizi şübhə və kölgə altına alan, hətta sırtıqcasına Qarabağda ermənilərin “etnik təmizlənməsi” haqda sarsaq fikirlər söyləyən “soydaşlarımızı” 50 milyonluq millətdən, Türk qanından saymaq mümkünsüz! Bu – birilərinin üzərinə silinməz və rüsvayçı LƏKƏ saxlayan “qızıl test”dir və belə də qalacaq.
İndi bu da uzaq tarixdə, bizim eradan əvvəl baş verməyib ki. Xalq bunu necə unuda bilər ki, Vətən müharibəsi ərəfəsində məlum şəbəkə ictimai rəydə Azərbaycanın 2-ci Qarabağ savaşında sarsıdıcı zərbə alacağı və uduzacağı rəyini formalaşdırmağa, milli ruh düşkünlüyü yaratmağa çalışıb. Konkret olaraq, Ramiz Mehdiyev özünün təsir dairəsində olan radikal müxalifəti daima aktiv fəaliyyətə sövq edib və ölkəni daxili gərgin vəziyyətdə saxlamağa çalışıb...
Söz düşmüşkən, səs yazılarının birində jurnalistin Mehdiyevə ünvanlı “Cənab Prezident böyük uğurlar əldə etdi və bütün Qarabağ işğaldan azad edildi” sualına “Bu barədə mənə sual verməyin” şəklində reaksiya bildirmişdi. Jurnalistin dəqiqləşdirici “Yəqin ki, bunu böyük uğur kimi qiymətləndirirsiniz” sualına isə o, “Yenə deyirəm, o barədə sual verməyin” cavabını vermişdi.
Doğrudan da, hər kəs dilinin altındadır, danışdıqca özünü büruzə verər...
Belə bir deyim də var: “Harda doğulduğun önəmli deyil, harda və necə ölməyin önəmlidir. Siyasətçi taleyi də elə. Əlbəttə, öləri insan ömrün əvvəlində, ortasında çox səhv edə bilər. Əsas odur ki, bu yanlışları vaxtında anlayıb da, doğru yolu tapasan. Necə deyərlər, sonluğu yaxşı edəsən.
Daha kor tutduğunu buraxmadığı kimi (korlardan üzr istəyirik) cahilcəsinə yeni səhvlərə imza atmayasan. Səhvlər üzərində öyrənib düzgün qərarlar çıxara biləsən. Bunun üçün isə soyuq ağıl, müdriklik lazım. Siyasəti özünə peşə seçmisənsə, üstəlik, siyasi FƏHM gərəkdir...
Müstəqilliyini bərpa edəndən bu yana – 35 illik dövrdə Azərbaycan çox təlatümlərdən keçib, neçə-neçə ağır sınaqlardan çıxıb, dost-düşmənlərini qəti olaraq özü üçün dəqiqləşdirib. İmtahandan çıxmayan milli xəyanətkarların bir çoxunun aqibəti və adları da məlum: həbsxana, məcburi mühacirət. Bəziləri elə qürbətdə canını tapşırıb, orda da dəfn olunub.
Qürbət həyatı asan deyil. Xüsusən də azərbaycanlılar üçün. Ancaq gərək elə yaşayasan ki, nə vaxtsa Vətənə geri qayıtmağa üzün olsun, meyitini qəbul etməyə bir parça torpaq, dəfninə adam tapılsın. Havasını udub suyunu içdiyin diyara, elə-obaya naxələf çıxmayasan...
Siyasət şöbəsi,
Musavat.com






