Son 48 saat ərzində İranda 17 məhbusun edam edilməsi ilə bağlı ABŞ Dövlət Departamentinin açıqlaması dünya ictimaiyyətində ciddi narahatlıq doğurub. Rəsmi Vaşinqtonun məlumatına görə, edam edilənlərdən biri 27 yaşlı tələbə Aqil Kəşavərz ədalətli məhkəmə araşdırması aparılmadan, işgəncələr altında casusluq ittihamı ilə ölümə məhkum edilib.
Qurum bildirir ki, təkcə bu il İranda 1800-dən çox insan edam olunub, yüzlərlə məhbus isə ölüm növbəsindədir. ABŞ Dövlət Departamenti İran hakimiyyətini edam cəzasından qorxu yaratmaq və xalqı susdurmaq aləti kimi istifadə etdiyini bəyan edib.
Dünyada insanlar əsasən nəyə görə edam edilir və hansı ölkələr bu cəzanı fəal şəkildə tətbiq edir?
Beynəlxalq insan haqları təşkilatlarının hesabatlarına görə, İran edamların sayına görə dünyada ilk sıralardadır. Rəsmi ittihamlar sırasında qətl və narkotik cinayətləri göstərilsə də, praktikada ölüm hökmlərinin əhəmiyyətli hissəsi siyasi motivlidir. Etirazçılar, jurnalistlər, tələbələr və rejim tənqidçiləri “dövlətə xəyanət”, “casusluq”, “Allaha qarşı çıxmaq” kimi geniş və qeyri-müəyyən maddələrlə edama göndərilir. Ədalətli məhkəmə hüququnun pozulması, vəkilə çıxışın məhdudlaşdırılması və işgəncə altında alınmış “etiraflar” İran məhkəmə sisteminin əsas xüsusiyyətlərindən biridir.
Səudiyyə Ərəbistanında narkotik hökmü – ölüm!
Səudiyyə Ərəbistanında edamlar əsasən qətl, terror və narkotiklərlə bağlı cinayətlərə görə icra olunur. Beynəlxalq mənbələr bildirir ki, edam edilənlərin böyük hissəsi narkotik maddələrin dövriyyəsində ittiham olunan şəxslərdir. İnsan haqları müdafiəçiləri qeyd edir ki, bu cür cinayətlər beynəlxalq hüquqa görə ən ağır cinayətlər kateqoriyasına aid deyil və ölüm cəzası qeyri-mütənasib hesab olunur. Bundan əlavə, xarici vətəndaşların, xüsusilə də yoxsul miqrantların hüquqi müdafiəsiz qalması tez-tez tənqid edilir.
Çində edamlar dövlət sirridir
Çin edamların sayı baxımından dünya lideri hesab olunur, lakin rəsmi statistika açıqlanmır. Ölüm cəzası dövlət sirri sayılır. İnsan haqları təşkilatlarının təxminlərinə görə, hər il minlərlə insan edam edilir. Qətl və ağır zorakılıqla yanaşı, narkotik cinayətləri və dövlət əleyhinə fəaliyyət kimi ittihamlar da ölüm hökmünə səbəb olur. Şəffaflığın olmaması və məhkəmə proseslərinin qapalı keçirilməsi əsas tənqid mövzularıdır.
Koreyada edam qanunda var, praktikada yox
Cənubi Koreyada ölüm cəzası qanunvericilikdə saxlanılsa da, 1997-ci ildən bəri heç bir edam icra edilməyib. Bu ölkə de-fakto moratorium tətbiq edən dövlətlər sırasındadır. Yəni ölüm hökmü formal olaraq mövcuddur, lakin icra edilmir.
ABŞ-də edam ştatdan-ştata dəyişən cəza olaraq tətbiq olunur
ABŞ-də ölüm cəzası federal səviyyədə və bəzi ştatlarda qüvvədədir. Edamlar əsasən ağır qətl və terror aktları ilə bağlıdır. Bununla belə, ölkə daxilində ciddi mübahisələr gedir: bəzi ştatlar ölüm cəzasını ləğv edib, digərlərində isə moratorium tətbiq olunub. Tənqidçilər səhv məhkumetmə riskini, irqi ayrı-seçkiliyi və ədalətsiz məhkəmə praktikasını əsas arqument kimi göstərirlər.
Dünyada edamların əsas səbəbləri isə bunlardır
Qlobal mənzərəyə baxdıqda, ölüm cəzasının tətbiq olunduğu əsas ittihamlar qətl və ağır zorakılıq cinayətləridir. Yaxın Şərq və Asiya ölkələrində narkotik maddələrin dövriyyəsi edama aparan ən qısa yoldur. Terrorizm və dövlət təhlükəsizliyinə qarşı cinayətlər, casusluq və dövlətə xəyanət də edamla nəticələnən əməllərdir.
Bu gün dünyada 100-dən çox ölkə ölüm cəzasını tamamilə ləğv edib. Buna baxmayaraq, bəzi dövlətlər edamı hələ də hüquqi cəza deyil, siyasi qorxu mexanizmi kimi saxlayır. Səudiyyə Ərəbistanı, İran,Çin və digər ölkələrdə edam xəbərləri göstərir ki, ölüm cəzası XXI əsrdə də insan hüquqlarının ən kəskin pozuntularından biri olaraq qalır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






