Dekabr da artıq yarı olur. Amma Rusiya-Ukrayna müstəvisindəki proseslər, Avropa ilə Rusiya arasında hələki elan olunmamış, daha çox “soyuq müharibə” tipli çəkişmə davam edir.
Daim izləməyə çalışırıq, amma deyəsən, hələki “sülh göyərçini” kimi görünən və ya buna cəhd edən ABŞ prezidenti cənab Trampdır, hansı ki, ötən dəfələrdə də yazmışıdıq, işarə edir ki, “suda boğulanların xilası onların özündədir”, Dünya siyasətində “səxavətli Sem dayı” erası bitir, üstəgəl, sizin probleminiz Rusiyadırsa, mənimki də, məsələn, Çindir.
O gün baxıram, prezident Tramp özünün sülh statistikasını açıqlayır, deyir ki, bir il ərzində neçə müharibə dayandırmışam.
Əlbəttə ki, ABŞ-ın siyasi Olimpinmdə belə bir pasifist prezidentin oturması çox yaxşı əlamətdir, belə götürəndə, müharibə kimə lazımdır?
Amma yenə bir sual düşündürür bizi: əcaba, görən, bunlar hansı müharibələrdir? Doğrudanmı, Pakistanla Hindisatan arasında sülh yaranıb, “Kəşmir məsələsi” həll olunubdur? Bəlkə Yaxın Şərqdə, İsraillə Fələstin, daha doğrusu, İsraillə HƏMAS arasında tamam sülh bərqərar olub? Axı belə şey yoxdur, üstəlik, cənab Netanyahu da, kabineti də az qala, hər həftə bəyan edir ki, heç bir “iki dövlət”- filan senarisi yoxdur, heç bir halda Fələstin dövləti yaradımayacaq! Budurmu Yaxın Şərqdəki sülh, axı hətta sıravi bir təhlilçi də anlayır ki, hazırda cənab Netanyahu region siyasətinin altına elə bir “mina” qoyur ki, bundan yüz il sonra da heç bir sülhdən danışmaq mümkün olmayacaq.
Yaxın Şərq münaqişəsinin tarixində bir neçə dəfə Nobel məsələsi olubdur. O birilərini unutmuşam, amma deyəsən, Ənvər Sadat və israilli həmkarı Sinay yarımadasının boşaldılmasına nail ola bilmişdilər, yəni ortada konkret nəticələr vardı.
Belədəsə, yoxsa Ukrayna ilə Rusiya arasında sülh var? Başa düşmək olmur, ABŞ da, digər Qərb dövlətləri də on illərlə keçmiş Baltik respublikalarının SSRİ-inin tərkibinə qatılmasını tanımadılar və axırda da bunun nəticəsi oldu. İndi nə baş verir? Nəyə lazım belə lələskənlik?
Maraqlıdır, Avropa guya hələ Ukrayna və Moldova ilə bağlı planlarından əl çəkmək istəmir. Amma ibrət dərsi varmı? Qoy, kalkulyatoru qabaqlarına qoyub hesablasınlar: Ukrayna müharibəsi onlara neçəyə başa gəldi? Yaxşı olmazdımı ki, həmin xərclər vaxtında Ukraynanı, Moldovanı İttifaqa qəbul etmək, bu ölkələrlə Aİ arasındakı iqtisadi fərqləri azaltmaq üçün ediləydi?
Daha maraqlısı bilirsiniz, nədir? Guya Ukraynanın da, Moldovanın da Avropaya yolunda Rusiyadan da böyük problem var: Viktor Orban və ölkəsi, hansılar ki, Kiyevlə, Kişinyovla bağlı bütün qərarları bloklayır...
Bəlkə razılaşmayacaqsınız, deyəcəksiniz ki, Orban bizim “hun qardaşımızdır”. Olsun! Amma elə siyasətçilər var, hətta ilk baxışdan belə özlərinə qarşı simpatiya oyatmırlar: adam şəxsən mənə bizim Mərkəzi Asiyanın keçmiş “bay”larını xatırladır, demokrata bənzəmir!
Belədəsə, axı Macarstanın Ukrayna və Moldova ilə nə problemi ola bilər? İnsafən, Polşa da Ukraynaya qarşı ərazi iddiaları sürə bilər, amma Varşava etmir. Yada salın, iki Almaniya birləşəndə nə qədər ağır şərtləri qəbul etdi, özünün keçmiş ərazilərindən belə imtina etdi...
İndi Ukrayna məsələsində iki senari olar. Birincisi, Kiyev Moskvanın tutduğu ərazilərdən imtina edir və bunların Rusiyanın tərkibinə keçməsilə razılaşır. Amma əvəzində geosiyasi və geoiqtisadi seçim imkanını, NATO-ya, Avropa İttifaqına inteqrasiya etmək hüququnu saxlayır.
Ya da Rusiya Ukrayna torpaqlarını tamam boşaldır və Kiyevdən geosiyasi neytrallıq tələb edir: Kremlin geosiyasi maraqları nəzərə alınır, Kiyev yuxuda belə NATO və Avropa İttifaqı haqqında düşünmür.
Hazırda Kiyevə nə təklif edilir, özü də “sülh göyərçini” cənab Tramp tərəfindən? Ukrayna ərazisinin bir hissəsini itirir, üstəlik Moskvaya görə siyasətini də məhdudlaşdırmalı olur! Sülh budur?..
Kiyev haqlı olaraq təhlükəsizliyini Avropaya, xüsusən də NATO-ya inteqrasiya olunmaqda görür, çünki artıq bir dəfə, 90-cı illərdə ondan nüvə silahını alıb əvəzində yalançı “təhlükəsizlik təminatı” vermişdilər, özü də öhdəlik götürənlərdən biri də Moskvaydı. Nə oldu?..
Belədəsə, daim qeyd edirik ki, NATO-filan Rusiya üçün bəhanədir. İsveç, xüsusən Finlandiya, eləcə də digər Avropa ölkələri Rusiyadan bu qədərmi uzaqdır? Rusiyanın Ukrayna ilə bağlı “iştah”ına bir dəfə Bjezinski aydınlıq gətrimişdi. Adam deyridi ki, Kiyevsiz Moskvanın imperiya ambisiyaları heçdir.
Bizsə səbəbi bir az da başqa müstəvidə axtarardıq. Moskva Kiyevlə müharibə aparanda iki ölkə - Finlandiya və İsveç NATO-ya qoşuldu, amma bu, Rusiyanı dilxor etmədi, çünki Kreml keçmiş post-sovet məkanını ona görə belə ciddi-cəhdlə qoruyur ki, özünün bu məkanla bağlı planları var və düşünür ki, nə vaxtsa onları hasnısa formada özünə qaytaracaq.
O gün baxıram, Dmitriy Peskov deyir ki, prezident Putinin SSRİ-ni bərpa etmək planları yoxdur. Dərhal ağlımzdan lap bir uşaq sualı keçdi: “De, mən ölüm! Aldatmazsan ki?”..
Bir başqa xəbər də budur ki, ötən həftə NATO Baş katibi dedi ki, müharibə qapımızı kəsdirib, Moskvanın növbəti hədəfi biz ola bilərik. Əlbəttə, bunlar hələ heç nə demək deyil. Amma keçmiş kommunistlər deyərdi ki, qığılcımdan alov törər. Əsas odur ki, belə fikirlər var, özü də onları adi adamlar səsləndirmir...






