“Avropa İttifaqı Ermənistanda parlament seçkiləri ərəfəsində bu ölkəyə ayrılması nəzərdə tutulan 50 milyon avro maliyyə yardımını təxirə salıb”.
Musavat.com xəbər verir ki, bu barədə “Armenia Today” nəşri yazır. Bildirilir ki, bu vəsait “hibrid təhdidlər və dezinformasiya ilə mübarizə” məqsədi daşıyırdı.
İddia olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyana təcili Brüsseldə Kaja Kallasla bu məsələ ilə bağlı gerçəyi dəqiqləşdirməyi tapşırıb.
Nəşrin iddiasına görə, Kallas bildirib ki, yardımın ayrılması təxirə salınır, çünki Aİ öhdəliklərinin icrasında prioritet Ukraynaya verilib. Brüssel isə əlavə edib ki, “bu məsələnin həlli üçün bütün səylər göstəriləcək”.
Məlumata görə, Paşinyan bu cavabdan narazı qalıb. Mənbə onun belə dediyini iddia edir: “Hazırda bu pullar bizə Ukraynadan daha çox lazımdır. Bu 50 milyon avro Ukraynadakı vəziyyəti dəyişməyəcək, amma bizə çox lazımdır”.
Aprelin 15-də Paşinyan Avropa İttifaqı ilə yaxınlaşma kursunu davam etdirmək niyyətində olduğunu bəyan edib və mövcud münasibətlərin səviyyəsini “misilsiz” adlandırıb. Daha əvvəl – martın 19-da Aİ parlament seçkiləri dövründə hibrid təhdidlərin qarşısını almaq üçün Ermənistana maliyyə ayıracağını və risklərin monitorinqi üçün ekspert qrupu göndərməyi planlaşdırdığını açıqlamışdı.

Bu iddia texniki maliyyə gecikməsi kimi görünsə də, əslində daha dərin siyasi siqnallar verir. Birincisi, Avropa İttifaqı üçün prioritetlərin dəyişmədiyi aydındır: Ukrayna məsələsi bütün digər istiqamətləri kölgədə qoyur.
Bu isə göstərir ki, Ermənistan kimi ölkələr Aİ üçün hələ də ikinci dərəcəli geosiyasi xətt sayılır. Yardımın məhz seçkilər ərəfəsində nəzərdə tutulması və sonra təxirə salınması yaxınlaşan kritik parlament seçkiləri ərəfəsində Nikol Paşinyan hakimiyyətinə ciddi zərbədir, seçkilərdə ən mühüm təbliğatından məhrum olması və bəlkə də uduzması deməkdir. Amma AAİ-nin bu addımı heç də təsadüfi deyil. Aİ adətən belə hallarda maliyyəni siyasi şərtlərlə bağlayır, proseslərə dolayı təsir imkanlarını qoruyur və lazım gəldikdə təzyiq aləti kimi istifadə edir. Paşinyan Rusiyaya son səfərində Vladimir Putinlə görüşündə Ermənistanın Aİ ilə yaxınlaşması Moskvanın qırmızı xətti xəbərdarlığı edilib.
Paşinyanın iddia edilən reaksiyası (əgər doğrudursa) mühüm məqamı ortaya qoyur: İrəvan artıq Aİ-dən praktiki və sürətli dəstək gözləyir, lakin Brüssel daha ehtiyatlı davranır. Bu isə tərəflər arasında etimadsızlıq mühitinin artdığını göstərir. Nəhayət, bu vəziyyət Ermənistanın xarici siyasət balansını da sual altına qoyur.
Nikol Paşinyan Qərbə yaxınlaşmanı “misilsiz” adlandırsa da, real nəticələr hələ ki, gecikən maliyyə, qeyri-müəyyən dəstək, və prioritetlərin başqa regionlara yönəlməsi ilə müşayiət olunur. Bu isə sadə nəticəyə gətirir, Aİ ilə yaxınlaşma siyasi bəyanatlarda sürətli görünür, amma praktik müstəvidə hələ də məhdud və şərti xarakter daşıyır.
Musavat.com






