Gələn ildən 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur və bu çərçivədə şagirdlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur.
Musavat.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, imtahanda tapşırıq sayının azaldılması və yazı bacarığının ayrıca qiymətləndirilməsi həyata keçiriləcək.
Bəs əlavə 15 dəqiqə şagirdə nə qazandıracaq?
![]()
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Dövlət İmtahan Mərkəzi tərəfindən 2027-ci ildən etibarən xarici dil fənn blokunda müvafiq olaraq esse yazısı tələbi qoyulub. Bu, 100 sözdən ibarət esse olacaq və təbii ki, abituriyentlər həmin esseni müvafiq qaydada cavablandırmalıdırlar. Nəzərə alsaq ki, hazırda artıq müəyyən təşkilatlar tərəfindən bu formatda sınaq imtahanları keçirilir, əlavə vaxt verilmədən də abituriyentlər bunu cavablandıra bilirlər. Amma əlbəttə ki, 15 dəqiqə əlavə vaxtın verilməsi, ümumi yanaşma baxımından ən azı ədalətli olar.
Lakin nəzərə alsaq ki, həm Azərbaycan dilində, həm də xarici dildə oxuyub-anlama və ya dilini anlama mətnləri təqdim olunur, hətta Azərbaycan dilində bəzi mətnlərin həcmi kifayət qədər böyük olur, bu isə abituriyentlərin vaxt problemi ilə üzləşməsinə səbəb olur.
Yalnız o halda 15 dəqiqəlik əlavə vaxt yetərli ola bilər ki, həm xarici dildə, həm də Azərbaycan dilində verilən mətnlərin həcmi kiçik olsun. Bu zaman abituriyentlər həmin mətnləri daha rahat oxuyub, daha operativ şəkildə cavablandıra bilərlər.
Yox, əgər mətnlərin həcmi böyük olacaqsa və üstəlik esse üçün əlavə 15 dəqiqə veriləcəksə, düşünürəm ki, bu, abituriyentlərin vaxt bölgüsünə ciddi təsir göstərəcək. Əgər mətnlərin həcmi böyük olarsa, əlavə vaxt 30 dəqiqə olmalıdır. Əgər mətnlərin həcmi kiçik olarsa, suallarda çaşdırıcılıq, hiyləgər xarakterli yanaşmalar yer almazsa, bir sualda bir neçə mövzu əhatə olunmazsa, o zaman 15 dəqiqə kifayət edə bilər. Əks halda, əlavə vaxt 30 dəqiqə müəyyənləşdirilməlidir”.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə də mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Buraxılış imtahanlarında xarici dil fənləri üzrə qiymətləndirmə modeli mərhələli şəkildə yenilənir və ictimaiyyətə öncədən məlumat verilir. Bu istiqamətdə artıq 2025-ci ildə ilk dəfə olaraq 9-cu sinif buraxılış imtahanında şagirdlər yazı bölməsində şəkillər əsasında hekayə yazmaq tapşırığını yerinə yetiriblər. Sözügedən tapşırıq şagirdlərin təkcə dil biliklərini deyil, həmçinin mətn qurmaq, ideyanı inkişaf etdirmək və yaradıcı düşünmə bacarıqlarını qiymətləndirməyə imkan verir.
Mərhələli yanaşmanın davamı olaraq 2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında həmin şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur. Yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını ölçməyə yönəlib və şagirdlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarır. Qeyd edək ki, bu imtahan modelinə uyğun olaraq Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə Bakı və Sumqayıt şəhərlərinin bəzi məktəblərində pilot imtahanlar keçirilib. Pilot imtahanın nəticələri təhlil olunub və əldə edilən məlumatlar yeni modelin etibarlılığının və tətbiq mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib”.
Afaq Mirayiq,
Musavat.com






