İranın ali dini lideri Əli Xameneinin dəftərxanasında təhlükəsizlik məsələlərinə cavabdeh şəxslərdən biri hesab olunan Əli Əqsər Hecazinin öldürüldüyü barədə məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, bu barədə bir sıra regional və beynəlxalq internet resurslarında məlumatlar dərc olunub.
Məlumatlara görə, Hecazi İran rəhbərliyinin ən yaxın və təsirli fiqurlarından biri sayılırdı və uzun illər ali liderin ofisində təhlükəsizlik və koordinasiya məsələlərinə nəzarət edirdi.
İddialara əsasən, Əli Əqsər Hecazi İranın ali dini liderinin aparatında ən mühüm və qapalı strukturlardan birinə rəhbərlik edən şəxslərdən idi. O, xüsusilə təhlükəsizlik və siyasi koordinasiya məsələlərində Xameneinin ən etibarlı adamlarından biri kimi tanınırdı. İran siyasi sistemində bu vəzifə qeyri-rəsmi olsa da, böyük təsir imkanlarına malik hesab olunur.
Analitiklər qeyd edirlər ki, Hecazinin adı əvvəllər də İranın təhlükəsizlik strukturları ilə bağlı bir sıra həssas məsələlərdə çəkilib və o, ali liderin aparatında strateji qərarların hazırlanmasında iştirak edən şəxslərdən biri sayılırdı.
Musavat.com






