Ermənistanda dövlət borcunun ÜDM-ə nisbətinin azaldığı barədə rəsmi açıqlamalara baxmayaraq, onun xidmət xərcləri büdcə üçün daha ağır yükə çevrilib.
Musavat.com xəbər verir ki, yerli iqtisadçı Mesrop Arakelyan dövlət borcunun real təsiri ilə bağlı Paşinyan hökumətinin mövqeyini tənqid edib.
Arakelyan bildirib ki, dövlət borcunun ÜDM-ə nisbətinin azalması formal göstəricidir və daha vacib məsələ onun xidmət dəyəridir. Onun sözlərinə görə, son illərdə büdcədən yalnız borcun faiz ödənişlərinə ayrılan vəsaitin payı əhəmiyyətli dərəcədə artıb.
Əgər 2017-ci ildə bu məqsədlə büdcə gəlirlərinin təxminən 8,1%-i xərclənirdisə, 2025-ci ildə bu göstərici 10,6%-ə yüksəlib. İqtisadçı hesab edir ki, 2,5 faiz bəndi artım dövlət resurslarının daha böyük hissəsinin kreditorlara yönəlməsi deməkdir və bu, sosial və infrastruktur layihələrinə ayrılan vəsaiti məhdudlaşdırır.
Arakelyanın sözlərinə görə, əlavə xərclər Ermənistanın illik səhiyyə büdcəsinin təxminən yarısına bərabərdir və ya minimum pensiyanın 60 min drama qədər artırılmasına imkan verə bilərdi. O, yaranmış vəziyyətin əsas səbəbi kimi son səkkiz ildə dövlət borcu üzrə orta faiz dərəcəsinin 2,3% artmasını göstərib.
İqtisadçı ailə büdcəsi ilə müqayisə apararaq bildirib ki, hazırkı şəraitdə dövlət əvvəlkindən daha böyük payı borcların qaytarılmasına sərf etməyə məcburdur və bu da əhalinin həyati ehtiyaclarının maliyyələşdirilməsini çətinləşdirir.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan 2017–2025-ci illər üzrə dövlət borcunun ÜDM-ə nisbətinin azaldığını açıqlamışdı. Rəsmi statistikaya görə, bu göstərici 2017-ci ildə 59% olduğu halda, 2025-ci ildə 49%-ə enib. Nazir iqtisadi artım fonunda borc yükünün 10 faiz bəndi azaldığını vurğulayıb.
Musavat.com






